Qarabağda həyatın ritmi dəyişir – ÖZƏL

"Qarabağda baş verənləri yalnız uzaqdan izləməklə anlamaq mümkün deyil".

Bu fikri politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında deyib:

"Bu torpaqların dirçəlişi, çəkdiyi ağrılar, qazandığı qürur yerində hiss olunmalıdır. Bu baxımdan Prezident Administrasiyasının təşəbbüsü ilə həyata keçirilən Zəngilan, Cəbrayıl və Horadiz səfəri yalnız tanışlıq xarakteri daşımadı - bu, həm də siyasi yaddaşın, milli dirçəlişin və strateji baxışın bir parçasına çevrildi.
Səfərin ən təsirli anlarından biri Horadizdə yaşandı. Bizə göstərilən sahədə mina zərərsizləşdirmə prosesi aparılırdı və səfər iştirakçıları olaraq xüsusi təşkil olunmuş şəkildə mina partlayışına şahid olduq. Bu partlayış, əslində, bir simvol idi - Azərbaycanın üzərinə gəlmiş təhdidlərin bir-bir aradan qaldırıldığının səsi idi. Bu, keçmişin son səsi, gələcəyin başlanğıcı kimi eşidildi.
Elə həmin ziddiyyətli hisslərlə Cəbrayıla yollandıq. Tekstil fabrikində qadınların səssiz, amma mətanətli əməyi bizi qarşıladı. Onların tikdiyi parçalar sadəcə geyim deyil, Qarabağın gələcəyidir. Orada hər bir tikiş vuruşu, sanki həyatın təzədən başlamasının, qadın əllərinin torpağa, zəhmətə və sabaha sahib çıxmasının simvolu idi. Partlayışın səsi susmuşdu, yerini tikiş maşınlarının ahəngli ritmi almışdı. Bu keçid - müharibənin qoparıb apardığı səssizliyin yerini əmək və həyatın aldığı an - bəlkə də bu səfərin ən dərin mənalı məqamı idi.
Zəngilanda isə artıq fərqli bir mərhələ yaşanırdı - planlı gələcək. Ağıllı kənd modeli, müasir infrastruktur, yaşıl enerji və dayanıqlı məskunlaşma - burada hər şey sabahın dili ilə danışır. Zəngilan Azərbaycanın postmünaqişə vizyonunun konkret simasıdır. Bu torpaqda təkcə həyat bərpa olunmur, gələcək inşa olunur. Və bu gələcək keçmişin ağrısını deyil, Azərbaycanın gücünü və iradəsini daşıyır.
Səfər təkcə gördüklərimiz deyil, hiss etdiklərimizlə də yadda qaldı. Prezident Administrasiyasının bu təşəbbüsü sadəcə informasiya mübadiləsi yox, həm də ictimai-siyasi dialoqun canlı formatı idi. Müxtəlif sahələri təmsil edən insanların - siyasətçilərin, media nümayəndələrinin, ekspertlərin - birgə səfəri, bu torpaqların gerçəkliyini birgə yaşaması, milli konsolidasiyanın mühüm göstəricisidir. Dövlət cəmiyyətə açıqdır. Bu səfərlər göstərdi ki, qayıdış sadəcə coğrafi yox, həm də siyasi və mənəvi qayıdışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31