İlham Əliyev regionun siyasi mənzərəsini formalaşdıran liderə çevrilib- ÖZƏL

"Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün təkcə Azərbaycanın deyil, bütün regionun siyasi mənzərəsini formalaşdıran aparıcı liderə çevrilib". "Olaylar" xəbər verir ki, bunu YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib: "Onun hər bir qərarı ölkəmizi daha da yüksəklərə aparır, dövlətçiliyimizi daha da gücləndirir. Bu baxımdan 28 May Müstəqillik günündə Laçın Beynəlxalq Hava Limanının açılışı, sadəcə, mühüm bir nəqliyyat layihəsi deyil, həm də dövlətimizin gücünün, iradəsinin və strateji baxışının rəmzidir. Çətin dağlıq ərazidə tikilən bu hava limanı - Qayıdışın, İnkişafın və Suverenliyin göylərə yüksələn simvoludur. Laçın səmasında uçan hər bir təyyarə, əslində, bir xalqın qələbəsini, bir liderin imzasını daşıyır.
Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin məhz Müstəqillik Gününə təsadüf etməsi özündə mühüm çağırışları birləşdirir. Laçında yaradılan yeni infrastrukturların açılışı, bu açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mühüm hadisə kimi yadda qaldı. Bu görüş həm simvolik məkan seçimi ilə, həm də iştirak edən dövlətlərin qarşılıqlı maraqları baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Üçtərəfli görüşün məhz burada keçirilməsi Azərbaycanın suverenliyinin təsdiqi və azad edilmiş ərazilərin beynəlxalq səviyyədə tanınmasının mühüm simvoludur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31