Azərbaycan beynəlxalq aləmdə diplomatik təsirini gücləndirir- ÖZƏL

"Dünya dövlətləri və onların liderləri Türkiyə Azərbaycan və Pakistanı vahid milli siyasi mövqedə görürlər. Azərbaycan tarixinə şanlı möhür vuran Zəfər paradında Türkiyə Prezidenti Ərdoğanın iştirakı, Türkiyəni kədərə bürüyən zəlzələdə Prezident İlham Əliyevin Azərbaycanın bütün resursları ilə qardaş ölkənin yanında olması, Pakistanla Hindistanla hərbi toqquşmada ölkəmizin rəsmi İslamabada siyasi, diplomatik dəstəyi münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsi idi". "Olaylar" xəbər verir ki, bunu YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov deyib: "Eyni zamanda, Azərbaycan bu görüş vasitəsilə beynəlxalq aləmdə diplomatik təsirini gücləndirmək, müttəfiqlərinin dəstəyini nümayiş etdirmək və regiondakı lider mövqeyini möhkəmləndirmək niyyətindədir. Ermənistanla normallaşma prosesi fonunda Azərbaycan müttəfiq ölkələrlə birgə mövqeləri koordinasiya etməklə öz manevr imkanlarını artırmağa çalışır.
Görüş Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında dəyişən güc balansı fonunda baş verir. Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün sıx əməkdaşlığı yeni geosiyasi arxitekturanın tərkib hissəsinə çevrilir. Bu əməkdaşlıq həm də Ermənistanın təktərəfli diplomatik narrativinə qarşı bir balans yaradır. Məsələn, Ermənistanın Hindistanla hərbi yaxınlaşmasına qarşı bu Zirvə Pakistanın iştirakı ilə dolaylı cavab sayıla bilər.
Laçında keçirilən üçtərəfli Zirvə təkcə simvolik hadisə deyil, həm də strateji baxımdan gələcəyə yönəlmiş diplomatik və geosiyasi addımdır. Azərbaycan üçün bu, beynəlxalq legitimliyin və regional liderliyinin gücləndirilməsi deməkdir. Türkiyə və Pakistan üçün isə bu platforma Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının açılması və öz strateji mövqelərinin gücləndirilməsi anlamına gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31