Qardaşlıq münasibətləri strateji alyans səviyyəsinə yüksəlib- ÖZƏL
3 İyun 2025 15:13 Siyasət"44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi dəstək yalnız mənəvi deyil, siyasi rasionallıq baxımından da mühüm idi. Bu üçlüyün siyasi gündəmdə sinxronluqla irəliləməsi, qərarvermə platformalarında ortaq mövqelərin təşəkkül tapmasını da labüd edir. Bu da o deməkdir ki, artıq yalnız bəyanat yox, birlikdə iradə var. İƏT formal qurum yox, effektiv əməkdaşlıq platformasıdır. D-8 Azərbaycan üzvlüyü ilə real gücə çevrilmək şansı qazanır"."Olaylar" xəbər verir ki, bunu YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Laçında baş tutan Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşünün əhəmiyyətini şərh edərkən deyib: "Prezident İlham Əliyev Zirvə görüşündə iqtisadi diplomatiyanın əsas vektorlarını da açıq şəkildə təqdim etdi. Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollar, Pakistan iqtisadiyyatına isə 2 milyard dollara yaxın sərmayə planı, bu əlaqələrin sadəcə ticarət mübadiləsi deyil, iqtisadi inteqrasiya səviyyəsində olduğunu göstərdi: "Hazırda konkret investisiya layihələri üzrə işlər gedir." Eyni zamanda, Bakı-Tbilisi-Qars, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi nəqliyyat arteriyaları artıq sadəcə logistik layihələr deyil - geosiyasi güc xətləri kimi fəaliyyət göstərir. Bu xəttin Pakistanla birləşməsi Orta Asiyadan Hind okeanına uzanan ticarət və təsir coğrafiyasının formalaşmasına şərait yaradır. Zirvə iştirakçılarının hərbi əməkdaşlıqla bağlı vurğuları göstərdi ki, bu sahədəki koordinasiya artıq praktik reallıqdır. Azərbaycan, Türkiyə və Pakistanın birgə hərbi təlimləri, texniki əməkdaşlıq və silahlı qüvvələrin sinxronlaşdırılması regionun sülh qarantına çevrilmişdir: "Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir." Bu o deməkdir ki, üçlük yalnız öz maraqlarını yox, bölgədə balansın, sabitliyin və sülhün himayədarı rolunu da öz üzərinə götürür. Prezident İlham Əliyevin süni intellekt və kosmik texnologiyalarla bağlı çağırışı sadəcə texnoloji ambisiya deyil - bu, gələcəyin yeni güc mənbəyinə açılan qapıdır: "Rəqəmsal innovasiyalar və süni intellekt kimi sahələrdə əməkdaşlığı dərinləşdirməliyik".