Türkiyə və Pakistanın Azərbaycanın yanında olması xalqın qəlbində silinməz izlər buraxıb- ÖZƏL
3 İyun 2025 15:03 Siyasət"Azərbaycan, Türkiyə və Pakistan liderlərinin birgə zirvə görüşündə vurğulanan əsas məqamlar ölkələr arasındakı dərin tarixi, siyasi və mənəvi bağlılığı göstərdi. Bu dostluq, müttəfiqlik münasibətləri yalnız xalqların yaxşı günlərində deyil, çətin anlarda da bir-birinin yanında olması ilə fərqlənir. 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycanın yanında olması xalqın qəlbində silinməz izlər buraxıb". "Olaylar" xəbər verir ki, bunu YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib: "Enerji, nəqliyyat və müdafiə sahələrində üç ölkə arasında möhkəm əməkdaşlıq qurulub. Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi enerji layihələri geniş regional təsirə malikdir, bərpa olunan enerji sahəsində aparılan işlər gələcəyə inam yaradır. Multimodal nəqliyyat marşrutları Asiyanı Avropaya birləşdirir və Pakistan bu təşəbbüslərdə fəal iştirak edir. Müdafiə sahəsində birgə hərbi təlimlər və texniki əməkdaşlıq bölgədə sülhün möhkəmlənməsinə töhfə verir.
Zirvə zamanı Azərbaycanın tarixi müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsi də xüsusi diqqətə çatdırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin qısa ömrü, sovet işğalı, 20-ci əsrin əvvəllərində Qərbi Zəngəzurun Ermənistan ərazisinə birləşdirilməsi, 1991-ci ildə müstəqilliyin bərpası və Ermənistanın işğal siyasəti nəticəsində yaranan ağır faciələr - bütün bu tarixi faktlar zirvə müzakirələrinin fonunu təşkil etdi. Xocalı soyqırımı və uzun illər davam edən işğal dövrü Azərbaycan xalqının haqq mübarizəsini daha da möhkəmləndirdi. 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində ölkəmiz öz beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa etdi, 2023-cü ildə isə tam suverenliyini təmin etdi".