“Ermənistan Rusiya ilə münasibətlərini Qərbin verdiyi təlimatlar əsasında formalaşdırır” – Elçin Xalidbəyli – ÖZƏL
3 İyun 13:51 Siyasətİyunun 2-də Ermənistanın Zəngəzur bölgəsinin Gorus şəhərində Fransa konsulluğunun açılması regionda siyasi gərginliyi artırıb. Məsələ Rusiya tərəfdən narazılıqla qarşılanıb. İddialara görə, İrəvan 2023-cü ildən bu yana Qafanda Rusiya konsulluğunun açılmasını məqsədli şəkildə ləngidir.
Diplomatik mənbələrin məlumatına əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun son İrəvan səfəri zamanı Baş nazir Nikol Paşinyanla gərgin dialoq yaşanıb. Lavrov bu məsələnin dərhal həllini tələb edib və xəbərdarlıq edib ki, əgər Qafanda rus konsulluğuna yer ayrılmasa, Rusiya Rostovdakı Ermənistan konsulluğunun bağlanması variantını nəzərdən keçirə bilər.
Rusiya və Ermənistan arasında yaranan bu gərginlik gələcəkdə Moskva-İrəvan münasibətlərinə hansı formada təsir edə bilər? Ermənistan həqiqətən bu ərazidə Moskva təmsilçilyinin olmasından çəkinir?
"Paşinyan hakimiyyəti əvvəllər Rusiyadan gələn bütün tələbləri və təlimatları yerinə yetirməyə hazır görünürdü. Çünki həmin dövrdə Ermənistana Qərbdən ciddi dəstək göstərilmirdi və ölkə dərin problemlərlə üz-üzə idi. Rəsmi İrəvan Qərbə inteqrasiya siyasətindən imtina edərək, yenidən Rusiyanın təsir dairəsinə qayıtmaq üçün addımlar atmağa başlamışdı. Lakin Kremlin buraxdığı ciddi səhvlər vəziyyətin köklü şəkildə dəyişməsinə səbəb oldu. Belə ki, Ukrayna müharibəsində təşəbbüsü ələ aldığını düşünən Kreml, sülh danışıqlarını pozaraq özünü daha ağır duruma saldı. Bunun nəticəsində ABŞ və Avropa dövlətləri Ermənistana azalan dəstəyi dayandıraraq, diqqəti yenidən Ukraynaya yönəltmək məcburiyyətində qaldılar".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçinin sözlərinə görə, Paşinyan hakimiyyəti Qərbdən gələn dəstək və mesajlar fonunda Rusiyanın təsirindən uzaqlaşaraq, onun Ermənistandakı mövcudluğunu məhdudlaşdırmağa yönəlik kursa üstünlük verir:
"Qərb Ukraynaya hərbi yardımı gücləndirdi və savaş meydanındakı vəziyyəti dəyişməyə başladı. Bununla da Rusiyaya qarşı yeni bir beynəlxalq düşərgə formalaşdı, təzyiqlər daha da artdı. Bu fon da, təbii ki, Paşinyan hakimiyyətini də mövqeyini yenidən gözdən keçirməyə məcbur etdi. Qərbdən müəyyən mesajlar aldığı üçün Rusiya ilə qarşıdurmanı davam etdirmək xəttini ön plana çəkdi. Əgər Rusiya daha realist siyasət yürütmüş olsaydı, həm Ukrayna müharibəsi üzrə daha əlverişli sülh sazişi əldə edə bilərdi, həm də Ermənistan üzərində tam nəzarət imkanlarını qazana bilərdi. Ancaq Kremlin neoimperialist iştahı o qədər artdı ki, verilənlə kifayətlənmədi, daha çoxunu tələb etdi. Bu isə münasibətlərin gərginləşməsinə və Qərbin Ermənistana müəyyən təlimatlar göndərməsinə səbəb oldu. Bu təlimatlar nəticəsində Rəsmi İrəvan yenidən Qərbin dəstəyinə ümid etməyə başladı və Rusiyanın Ermənistandan çıxarılmasına yönəlik siyasi kursu bərpa etdi. Hazırda Ermənistan hakimiyyəti ölkənin heç bir bölgəsində, o cümlədən Gorus və ya Qafan bölgələrində Rusiya konsulluğunun açılmasında maraqlı olmadığını göstərir. Görünən odur ki, bu vəziyyət uzun müddət davam edəcək".
Siyasi şərhçi bildirib ki, Ermənistan Rusiya ilə münasibətlərini məhdudlaşdıraraq, Qərbin təsiri altında Moskvanın ölkədəki mövcudluğunu zəiflətməyə çalışır.
"Fransa konsulluğunun Gorusda açılmasına icazə verilsə də, Rusiya konsulluğunun açılmasına icazə verilmir və bu proses müxtəlif bəhanələrlə ləngidilir. Görünən odur ki, bu ləngimə hələ uzun müddət davam edəcək. Ümumilikdə isə Paşinyan hakimiyyəti Rusiya Federasiyasının Ermənistan ərazisində hər hansı rəsmi təmsilçiliyinin olmasında maraqlı deyil. Bu, həm Rusiya sərhədçilərinin, həm də hərbi bazalarının ölkədən çıxarılmasına üstünlük verilməsi ilə müşayiət olunur. Bundan əlavə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşması da gündəmdədir. Hələlik Qərbdən göstərilən dəstək bu addımların tam şəkildə atılması üçün kifayət qədər güclü deyil. Buna görə də Paşinyan hakimiyyəti müxtəlif siyasi manipulyasiyalarla Rusiyanın Ermənistanda möhkəmlənmək cəhdlərini əngəlləməyə çalışır. Belə görünür ki, Ermənistan Rusiya ilə münasibətlərini artıq Qərbin verdiyi təlimatlar əsasında formalaşdırmağa üstünlük verir".
Səidə Ramazanova