Azərbaycan qlobal səviyyədə aparıcı dövlətə çevrilib- ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu günbəgün artıran Azərbaycan tərəfdaşları ilə birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etdi. Açıq dənizə çıxışı olmayan ölkə olmasına  baxmayaraq,  Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrildi. Ölkəmiz  infrastruktur layihələrinə çox böyük sərmayə yatırdı. Əməkdaşlığın coğrafiyası genişləndi. Regional çərçivədə başlanan əməkdaşlıq beynəlxalq miqyas alıb. Görülən işlərin zirvəsində dayanan Cənub Qaz Dəhlizi reallığa çevrildi. Bu gün onun əsas seqmentləri olan TANAP-ın və TAP-ın genişləndirilməsindən bəhs edilir. Azərbaycanın qarşısına qoyduğu hədəflərdən biri yeni körpülərin qurulmasıdır. Ölkəmiz hər zaman əməkdaşlıq məkanı kimi tanınır".

Millət vəkili ötən Bakı Enerji Həftəsindən bugünədək Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqəti yönəldərək bildirib ki, o zaman səkkiz ölkəyə təbii qaz ixrac edirdik: "Bu gün isə həmin ölkələrin sayı 12-yə çatıb. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, hələ də son deyil. İxrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük. Enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və Azərbaycan hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirir. Çünki bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31