Büdcə prosesi davamlı xarakter daşıyır-Komitə sədri

"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" illik hesabat Prezident İlham Əliyev "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq Milli Məclisin müzakirəsinə təqdim edilib. Büdcə qanunvericiliyinə əsasən, Hesablama Palatasının müvafiq rəyi də təqdim olunub". "Olaylar" xəbər verir ki, bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib: "Qanun layihəsi və illik hesabat iqtisadi bloku təmsil edən dövlət orqanları rəhbərlərinin və nümayəndələrinin geniş tərkibdə iştirakı ilə səmərəli və konstruktiv müzakirə edilib. Eyni zamanda Hesablama Palatasının büdcə dəyərləndirilməsinə dair çıxardığı nəticələri və irəli sürdüyü tövsiyələri də praktiki baxımdan faydalı hesab edirik. Qaldırılan bütün məsələlərlə bağlı maliyyə naziri Sahil Babayev geniş şərhlər verib, sualları ətraflı cavablandırıb. Büdcə prosesi inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə davamlı xarakter daşıyır. İl ərzində aparılan müzakirələr növbəti büdcə ilinin müzakirələri üçün yaxşı bir zəmin, tematik baza yaradır və büdcə sisteminin təkmilləşdirilməsinə xidmət edir.

Hesabat büdcə qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə və formada təqdim edilmişdir. İcraya dair büdcə zərfi ölkəmizin 2024-cü ildə makroiqtisadi durumunu, dövlət büdcəsinin gəlir və xərclərinin icrasını, il ərzində dövlət borclanması sahəsində vəziyyəti səciyyələndirən zəruri məlumatları özündə əks etdirir. Bu məlumatlar, o cümlədən ali maliyyə nəzarəti orqanının rəyi büdcənin icra vəziyyətini geniş təhlil etməyə və qiymətləndirməyə imkan verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31