Üç qardaş ölkə eyni platformada həmrəylik nümayiş etdirir- ÖZƏL
2 İyun 2025 13:18 Siyasət"Laçında baş tutan üçtərəfli Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinə, ümumilikdə isə regionda formalaşan yeni əməkdaşlıq modellərinə dair ciddi mesaj idi. Bu platforma milli maraqlara əsaslanmaqla yanaşı, regional sabitlik, qarşılıqlı hörmət və beynəlxalq hüququn aliliyi prinsiplərini özündə ehtiva edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Üç qardaş ölkənin eyni platformada həmrəylik nümayiş etdirməsi digər dövlətlər üçün də yeni və effektiv inteqrasiya modellərinə örnəkdir. Bu əməkdaşlığın əsasını xalqlar arasında mövcud olan dərin mədəni və tarixi əlaqələr təşkil edir. Ortaq dəyərlər, bənzər tarixlər və oxşar strateji məqsədlər bu birliyi daha da gücləndirir. Həmrəylik həm də xalqlar arasında qarşılıqlı etimada və qardaşlıq münasibətlərinə əsaslanır. Laçında bir daha aydın oldu ki, bu münasibətlər sabitliyin, ədalətin və inkişafın möhkəm təminatçısıdır. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər: "Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür".
Öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə Azərbaycanın Vətən müharibəsində apardığı mübarizəyə Türkiyə və Pakistanın göstərdiyi prinsipial və mənəvi-siyasi dəstək xalqımız tərəfindən təqdir olunur. Bu dəstək həm də beynəlxalq təşkilatlarda ölkəmizin haqq işinin qətiyyətlə müdafiə olunması ilə konkret nəticələrə gətirib çıxarıb. Postmünaqişə dövründə isə bu həmrəylik daha da möhkəmlənərək regional layihələrin həyata keçirilməsində özünü aydın şəkildə göstərir".