“Laçında artıq yüksək səviyyəli tədbirlərin keçirilməsi üçün infrastruktur və digər obyektlər hazırdır”— ÖZƏL
2 İyun 2025 12:59 SiyasətLaçında yaradılmış müasir infrastruktur və keçirilən yüksək səviyyəli görüşlər işğaldan azad olunmuş ərazilərə həyatın geri qayıtdığını, bölgənin strateji və siyasi önəminin artdığını sübut edir. Bu tədbirlər Azərbaycan dövlətinin bərpa prosesinə nə qədər ciddi yanaşdığını bir daha göstərir.
Laçında keçirilən bu cür görüşlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini beynəlxalq aləmə nümayiş etdirməsi baxımından hansı əhəmiyyətə malikdir?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib ki, "Əlbəttə ki, yalnız Laçında deyil, Azərbaycanın işğaldan azad olunmuş digər ərazilərində də beynəlxalq tədbirlər keçirilməkdədir və son keçirilən ən böyük tədbir qardaş ölkə Türkiyə və Pakistan liderlərinin Laçına gəlişi və burada zirvə görüşünün keçirilməsi oldu ki, bu, tarixi əhəmiyyətə malik olan bir hadisə idi.Və nəzərə alsaq ki, Laçında artıq yüksək səviyyəli tədbirlərin keçirilməsi üçün infrastruktur və digər obyektlər hazırdır - həm otel sistemləri, həm konfransların təşkili baxımından, xüsusilə də Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi - bu, məhz Laçının əhəmiyyətini ciddi şəkildə artırır.Bu, həm bölgədə gediş-gəlişin, həm ticarətin, həm turizmin, həm də logistikanın ciddi şəkildə inkişafına yardım edəcək bir hadisə idi.Yəni bunların hamısı Azərbaycan dövlətinin son 5 ildə, torpaqlar azad olunandan sonra bu ərazilərdə həyata keçirdiyi, əslində, meqa layihələrdir desək, yanılmarıq.Çünki qısa müddət ərzində üç beynəlxalq hava limanının istifadəyə verilməsi, min kilometrlərlə müasir yolların çəkilməsi, şəhər və qəsəbələrin bərpası, artıq 45 minə yaxın soydaşımızın azad olunmuş ərazilərdə məskunlaşması - bunların hamısı böyük iradə, zəhmət və maliyyə vəsaiti tələb edən məsələlərdir ki, bunları da Azərbaycan dövləti uğurla həyata keçirir.Və bütün bunlar, bir daha qeyd edirəm, həm Azərbaycanın gücünün, potensialının göstəricisidir, həm də Azərbaycanın və azad olunmuş ərazilərin bu cür yüksək səviyyəli tədbirləri keçirmək üçün tam hazır olduğunu nümayiş etdirir."
Gülxanım Əliyeva