“ Rusiya Cənubi Qafqaz siyasətində daha sərt addımlar ata bilər…”— ÖZƏL
2 İyun 12:01 SiyasətRusiyanın Cənubi Qafqazdakı nüfuzunun zəifləməsi və Azərbaycanın regional təşəbbüslərdə önə çıxması gələcək güc balansına necə təsir edə bilər?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib ki,"Rusiyanın Cənubi Qafqazda təsirinin azalması məsələsinə iki nöqtədən yanaşmalıyıq. Bu, mütləq zərurətdir. Birincisi, Ukrayna müharibəsi fonunda. İkincisi isə Azərbaycanın, xüsusilə Türkiyə ilə müttəfiqliyi və eyni zamanda balanslı çoxtərəfli siyasəti fonunda.Birinci məsələdən, yəni Ukrayna müharibəsi fonundan biz məsələyə baxdıqda onu nəzərə almalıyıq ki, bu, müvəqqəti bir haldır. Yəni sabah, iki gün sonra, iki ay sonra və yaxud iki il sonra Ukrayna müharibəsi bitəndə - Rusiya orada məqsədlərinə qismən çatsa, tam çatsa və yaxud heç çatmasa, fərqi yoxdur - onun, yəni Moskvanın məqsədi təsiri azalan digər nöqtələrdə, digər bütün nöqtələrdə, həmçinin Cənubi Qafqazdakı hərbi-siyasi təsirlərini yenidən artırmaq olacaq.Yəni Moskva bu istiqamətdə addımlar atmağa başlayacaq. Biz nəzərə almalıyıq ki, Cənubi Qafqaz bu gün Şərqin, Qərbin, Şimalın, Cənubun birləşdiyi çox önəmli bir dünyəvi mərkəz halına gəlməsi fonunda gözləmək olar ki, məhz bu müvəqqəti haldan sonra - yəni Ukrayna müharibəsindən sonra - Rusiya Cənubi Qafqaz siyasətində daha sərt addımlar ata bilər və öz hərbi-siyasi təsirlərini bərpa etmək üçün müxtəlif, reaktiv yollara baş vura bilər.Burada Azərbaycanın maraqlarının təhdidi var, burada Gürcüstanın maraqlarının təhdidi var, burada Paşinyanın Ermənistanda formalaşdırdığı yeni siyasi yanaşmanın risk altına düşüb, yenidən Ermənistanda de-fakto Rusiyadan asılı qüvvələrin "vassal Ermənistan" reallığının yenidən gerçəkləşməsi kimi təhdidlər vardır.Bütün bu təhdidləri aradan qaldırmaq və balanslaşdırmaq mənə elə gəlir ki, Cənubi Qafqazın əsas ölkəsi kimi məhz yenidən Azərbaycanın çiyinləri üzərinə düşəcək. Biz Cənubi Qafqazın siyasi-hərbi həyatının müstəqilliyindən danışarkən, burada bir Azərbaycanın reallığını həmişə görürük.Ona görə də ikinci hal - Azərbaycanın çoxtərəfli, balanslı münasibətlərini bərpa etmək, Türkiyə və digər müttəfiq dövlətlərlə müttəfiq əlaqələri daha da təkmilləşdirməklə siyasi-hərbi müstəqilliyi və çoxtərəfliliyi daha da artırmaq lazımdır. Bu, bütün neqativ halların qarşısını almağa kömək edəcək."
Gülxanım Əliyeva