“Azərbaycan bu gün regional gücə çevrilib”— ÖZƏL
2 İyun 11:31 SiyasətTürkiyə və Pakistan kimi qardaş ölkələrin Laçında keçirilən görüşdə iştirakı təkcə siyasi dəstək deyil, həm də mənəvi həmrəyliyin göstəricisidir. Bu iştirak Azərbaycanın haqlı mövqeyinə beynəlxalq dəstəyin artdığını nümayiş etdirir.
Türkiyə və Pakistanın Laçın görüşündə iştirakı bu ölkələrin Cənubi Qafqaz siyasətində Azərbaycanla yaxınlığını hansı formada təsdiqləyir?
Mövzu ilə bağlı politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib ki, "Şübhəsiz ki, həm Türkiyə ilə, həm də Pakistan və Azərbaycan arasındakı əlaqələr bu gün kifayət qədər yaxşıdır. Həm iqtisadi, həm siyasi, həm də digər sferalar üzrə əlaqələr ciddi şəkildə genişlənir.Və bütün bunlara baxdığımızda bir daha deyə bilərik ki, Laçında həyata keçirilən görüş də açıq şəkildə ortaya qoydu ki, Azərbaycan bu gün regional gücə çevrilib. Çünki həm yerləşdiyi ərazi baxımından, həm yerləşdiyi coğrafi mövqe, həm də siyasi çəkisinə görə, həmçinin bu gün hər iki ölkənin - yəni Türkiyə və Pakistanın - mühüm platformalarda təmsil olunması baxımından, Laçın - bir zamanlar düşmənin "dəhliz" adlandırdığı bu məkan - bu gün artıq Azərbaycanın gücünü təsdiqləyən simvolik bir məkana çevrilir desək, hər halda yanılmarıq.Digər tərəfdən, biz bilirik ki, əslində bir gün Pakistan və Hindistan arasında gərginlik yaşanmışdı. Belə bir məqamda Pakistanın Baş nazirinin Laçına gəlməsi, Azərbaycan və Türkiyə liderləri ilə çox xoş münasibətlərinin olduğunu nümayiş etdirməsi, Pakistanın da bu xətt üzrə tək olmadığını göstərdi.Biz deyə bilərik ki, bu gün Cənubi Qafqazın əsas xəritəsinə çəkilmiş Azərbaycan, Laçın üzərindən öz qalibiyyət mesajını bir daha bütün dünyaya nümayiş etdirdi. Və biz hamıya göstərdik ki, bu gün dünyada yeni bir platforma doğulur və o platformanın aparıcı qüvvəsi Azərbaycandır, Türkiyədir və Pakistandır."
Gülxanım Əliyeva