Türkiyə, Azərbaycan və Pakistan İttifaqı Böyük Britaniyanın siyasi məqsədlərinə uyğundur- ÖZƏL

"2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycana əvəzsiz siyasi-diplomatik və psixoloji dəstək verən Türkiyə, Pakistan, Böyük Britaniya və İsrail hal-hazırda aralarında müəyyən çəkişmələrlə gündəmə gəlsələr də, əslində eyni məqsədi hədəfləyir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Böyük Britaniyanın Ermənistanla hərbi əməkdaşlıq anlaşması Azərbaycana qarşı deyil, əksinə bu anlaşma Azərbaycanın maraqlarının təmini üçün imkanlar açır. Anlaşma Rusiyanın Ermənistanda Paşinyan hakimiyyətinə qarşı aktivliyi fonunda Paşinyan iqtidarına dəstək məqsədi daşıyır. Bu da təbii ki, Rusiyanın regiondan sıxışdırılması üçün Ermənistana daha geniş hərbi - siyasi manevr imkanları verir.
Həm də, Zəngəzur dəhlizinin açılması perespektivində dəhlizə nəzarətdən Rusiyanın uzaqlaşdırılması düşünülür. Son zamanlar Qarabağ separatçılarının Rusiyanın təsiri ilə dirçəlməsi də, Paşinyan iqtidarı üçün əlavə xarici dəstəyi şərtləndirir. Artıq məlumat var ki, Ermənistanda Qarabağ separatçıları Samvel Şahramanyana, Samvel Babayana qarşı cinayət işi açılıb və onların həbsi mümkün görünür. 
Pezeşkianın Azərbaycana səfərindən sonra, İranın Zəngəzur dəhlizi ilə bağlı sərt çıxışının ABŞ-la nüvə razılaşmasının mümkünlüyündən sonra baş verməsi gözlənilən idi. Hərçənd ki, İrana qarşı ritorik təzyiqlərdən başqa, üfuqdə əhəmiyyətli hərbi müdaxilə mümkün də deyildi. Britaniyanın Ermənistanda mövcudluğu Zəngəzur dəhlizinin açılmasını, fəaliyyətini tezləşdirə bilər.
Azərbaycanın Ermənistan və onun havadarları üzərində, Türkiyənun hərbi-iqtisadi inkişafı və Suriyada Bəşər Əsəd rejimi üzərində və nəhayət Pakistanın Hindistan üzərində qələbəsindən sonra, bu qalib üç ölkə liderlərinin Laçında üçtərəfli görüşü yeni dünya düzənin formamalaşmasının əsas amillərdən biri kimi özünü təqdim edir. Heç şübhəsiz ki, Türkiyə, Azərbaycan və Pakistan İttifaqı Böyük Britaniyanın planlarına və siyasi məqsədlərinə uyğundur və çox güman ki, Ermənistanın da bu çətir altına sığınması üçün şərait formalaşdırılır.
Son günlərdə də, Böyük Britaniya baş naziri Kir Ştarmerə qarşı Rusiyada geniş antitəbliğatın aparılması onu göstərir ki, Rusiya üçün Kir Starmer Boris Consondan da təhlükəli fiqurdur. ABŞ prezidenti Donald Trampın Rusiyaya isti münasibəti və keçmiş NATO üzlərinə qarşı sıxışdırıcı siyasəti Almaniya, Fransa və Böyük Britaniyanın real birliyini önə çıxarıb. Artıq bu birlik Donald Trampı hesaba almadan gedişlərini effektli koordinasiya edir. 
Rusiya isə həm Ukraynanın dirənişi və Avropanın aparıcı ölkələrinin Ukraynaya real dəstəyi fonunda, Ukrayna ilə müharibədən çıxmağa çox maraqlıdır. Əbəs deyil ki, rəsmi Moskva Avropa ölkələrini Ukrayna ilə sülhə mane olmaqda ittiham edir. Rusiya anlayır ki, artıq geri sayım başlayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31