Prezident İlham Əliyev: Xorvatiya ilə siyasi dialoqumuz əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır

Azərbaycan ilə Xorvatiya arasında xoş ənənələr üzərində qurulan əlaqələrin möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Fəal siyasi dialoqumuz, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır.

Olaylar.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyanın Baş naziri Andrey Plenkoviçə bu ölkənin milli bayramı - Dövlətçilik Günü münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, hazırda Azərbaycan ilə Xorvatiya iqtisadi-ticari, humanitar, xüsusilə də minatəmizləmə sahələrində uğurla əməkdaşlıq edirlər. Eyni zamanda ölkələrimiz arasında tərəfdaşlığın prioritet istiqamətlərdən olan enerji sektorunda əməkdaşlıq inkişaf edərək hazırda yeni müstəviyə keçib. Enerji sahəsində uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət təsirini göstərir.

"İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız və strateji tərəfdaşlığımız bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da güclənəcəkdir", - deyən Prezident İlham Əliyev Baş nazir Andrey Plenkoviçə ən xoş arzularını yetirib, dost Xorvatiya xalqına isə daimi əmin-amanlıq və rifah diləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31