Azərbaycan-Türkiyə-Pakistan münasibətləri xüsusi anlam daşıyır- ÖZƏL
30 May 12:03 Siyasət"Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Qlobal münasibətlər sistemində dostluğa, tərəfdaşlığa sədaqəti ilə tanınan ölkəmiz, tarixi ənənələr və ən ülvi dəyərlər çərçivəsində inkişaf etdirilən əməkdaşlığın daimi inkişafı uğrunda çalışır. Bu mənada, Azərbaycanın yaxın-uzaq coğrafiyalarda özünə dost, qardaş hesab etdiyi dövlətlər var ki, ən çətin günlərdə həmin dövlətlərlə çiyin-çiyinə dayanır, ən yaxın dəstəkçi qismində çıxış edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib:
"Təbii ki, bu mənada Azərbaycan-Türkiyə münasibətləri xüsusi anlam daşıyır - eyni zamanda, rəsmi strateji müttəfiq sayılan ölkələrimizin Pakistan İslam Respublikası ilə yaxın əlaqələri də təqdir edilməlidir. Pakistan istər Azərbaycanın, istərsə də Türkiyənin yaxın tərəfdaşı kimi özünü isbat etmiş dövlətlərdəndir.Türkiyə və Pakistan, coğrafi olaraq bir-birindən ayrı mövqedə yerləşsə də, ortaq din və mədəni irs üzərinə qurulan tarixi qardaşlıq bağları səbəbindən siyasət, iqtisadiyyat və müdafiə kimi bir çox sahədə yaxından əməkdaşlıq və iş birliyini davam etdirirlər.
Azərbaycanın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi və tarix yazdı. Bu tarixi zəfəri təmin edən çox mühüm amillərdən biri dost və tərəfdaş dövlətlərin ölkəmizə mənəvi-siyasi dəstəyi oldu. Bu sırada Türkiyə və Pakistan dövlətlərinin xüsusi yeri və müstəsna rolu ayrıca qeyd edilməlidir.
Pakistanla Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində çözümünə tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdiriblər".