Laçın görüşü üç qardaş ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək- ÖZƏL
30 May 12:02 Siyasət"Mayın 28-də Prezident İlham Əliyevin Laçın şəhərində etdiyi çıxış Azərbaycanın dövlətçilik tarixində və regiondakı yeni reallıqlar fonunda önəmli əhəmiyyət daşıyır. Laçının azad olunmasından sonra ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistan liderləri bu qədim torpaqda bir araya gəldi. Bu görüş təkcə üç qardaş ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinin deyil, həm də azad edilmiş ərazilərdə aparılan quruculuq və bərpa proseslərinin beynəlxalq dəstək qazandığının açıq göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev deyib:
"Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycanın keçdiyi tarixi yol asan olmayıb. 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq və dövlətçilik iradəsinin təzahürü idi. Lakin bu müstəqillik cəmi iki il sonra itirildi. 1920-ci ildə Qərbi Zəngəzur bölgəsi Azərbaycandan qoparılaraq Ermənistana birləşdirildi. Bu ədalətsizliklər sonrakı onilliklərdə də davam etdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzurda yüz minlərlə azərbaycanlı ata-baba yurdlarından didərgin salındı. Xocalı soyqırımı isə bu siyasətin ən qanlı səhifəsi oldu.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan dövləti bu haqsızlıqlarla heç vaxt barışmayıb. Ölkə rəhbərliyi illər boyu həm beynəlxalq təşkilatlar çərçivəsində haqq səsini dünyaya çatdırıb, həm də iqtisadi, hərbi və diplomatik sahələrdə güclənərək işğala son qoymaq üçün sistemli şəkildə hazırlaşıb. Güclü iqtisadiyyatın və xalqın iradəsinə söykənən siyasi iradənin nəticəsi olaraq 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıldı. Şuşanın azad olunması bu zəfərin simvoluna çevrildi. Ardınca Laçın, Kəlbəcər və Ağdam bir güllə belə atılmadan işğaldan azad edildi. 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı ilə ölkənin suverenliyi tam bərpa olundu və separatizmə son qoyuldu".