Azərbaycan–Türkiyə–Pakistan üçlüyünün sıx əməkdaşlığı yeni geosiyasi arxitekturanın tərkib hissəsinə çevrilir- ÖZƏL
30 May 12:00 Siyasət"Dünya dövlətləri və onların liderləri Türkiyə Azərbaycan və Pakistanı vahid milli siyasi mövqedə görürlər. Azərbaycan tarixinə şanlı möhür vuran zəfər savaşımızın paradında cənab Ərdoğanın iştirakı, Türkiyəni kədərə bürüyən zəlzələdə İlham Əliyevin ölkənin bütün resursları ilə qardaş ölkənin yanında olması, eyni ilə Pakistanla Hindistanla hərbi toqquşmada ölkəmizin rəsmi İslamabada siyasi, diplomatik dəstəyi münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsi idi". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Eyni zamanda, Azərbaycan bu görüş vasitəsilə beynəlxalq aləmdə diplomatik təsirini gücləndirmək, müttəfiqlərinin dəstəyini nümayiş etdirmək və regiondakı lider mövqeyini möhkəmləndirmək niyyətindədir. Ermənistanla normallaşma prosesi fonunda Azərbaycan müttəfiq ölkələrlə birgə mövqeləri koordinasiya etməklə öz manevr imkanlarını artırmağa çalışır.
Görüş Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında dəyişən güc balansı fonunda baş verir. ABŞ-Çin rəqabəti, Rusiya-Qərb qarşıdurması və digər ölkələrin regional fəallığı fonunda Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün sıx əməkdaşlığı yeni geosiyasi arxitekturanın tərkib hissəsinə çevrilir. Bu əməkdaşlıq həm də Ermənistanın təktərəfli diplomatik narrativinə qarşı bir balans yaradır. Məsələn, Ermənistanın Hindistanla hərbi yaxınlaşmasına qarşı bu Zirvə Pakistanın iştirakı ilə dolaylı cavab sayıla bilər".