Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətini birləşdirən dövlətçilik nümunəsi- ÖZƏL
30 May 11:53 Siyasət"Şərqdə ilk demokratik respublika olan AXC Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvü şəkildə birləşdirən dövlətçilik nümunəsi idi. İlk dövrdə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması vəzifələri AXC hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Yarandığı gündən Azərbaycanın milli dövlətçiliyini formalaşdıran, xalqın sosial və mənəvi tərəqqi yolu ilə irəliləməsinə, milli özünüdərk şüurunun yetişməsinə, yüksəlməsinə, dünya sivlizasiyasına qovuşmasına şərait yaradan hökumət üzvləri müəyyən mənada istəklərinə nail oldular. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan AXC bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan yaratmışdı. Sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdi".