Zirvə Görüşü regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi yadda qaldı- ÖZƏL
30 May 2025 11:00 Siyasət"Laçın şəhərində keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan Zirvə Görüşü regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi yadda qaldı. Bu görüş həm simvolik məkan seçimi ilə, həm də iştirak edən dövlətlərin qarşılıqlı maraqları baxımından xüsusi əhəmiyyət kəsb edirdi". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Laçın rayonu Azərbaycanın 2020-ci ildə uğurla başa çatdırdığı Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərdən biridir. Bu bölgə coğrafi baxımdan Qarabağın əsas qapısı hesab olunur. Üçtərəfli görüşün məhz burada keçirilməsi Azərbaycanın suverenliyinin təsdiqi və azad edilmiş ərazilərin beynəlxalq səviyyədə tanınmasının mühüm simvoludur. Azərbaycan Laçında beynəlxalq liderləri qəbul etməklə həm qələbəsinin legitimliyini nümayiş etdirirdi, həm də bölgədəki yeni status-kvonun dəyişməz olduğunu vurğulayır".