Ərazi bütövlüyümüzün bərpası müstəqillik dövründə qazandığımız ən böyük Zəfərdir- ÖZƏL
30 May 2025 10:59 Siyasət"1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "İndi müstəqilliyimiz yetərincə möhkəmdir və məhz bunun nəticəsində Azərbaycan İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazandı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu, xalqımızın çoxəsrlik tarixində, eləcə də müstəqillik dövründə qazandığı ən böyük Zəfərdir. İkinci Qarabağ müharibəsindəki Zəfərimiz AXC qurucularının müstəqil Azərbaycan naminə çəkdikləri zəhmətin, ideyalarının reallaşması idi. 44 gün davam edən Vətən müharibəsindəki Qələbəmizlə, 23 saatlıq antiterror əməliyyatları ilə Azərbaycanın suverenliyinin tam təmin edilməsi ilə 23 ay yaşayan Cümhuriyyət fədailərinin istəklərini doğruldan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev varisilik ənənələrini qətiyyəti, siyasi iradəsi, dünyada artan nüfuzu ilə təsdiqlədi. Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciət edən Prezident, Ali Baş Komandan İlham Əliyevin "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!" sözləri, eyni zamanda AXC qurucularının müstəqillik ideyalarına sadiqlik rəmzi idi".