Azərbaycan  Cənubi  Qafqazın yeni geosiyasi mərkəzi kimi yüksəlir- ÖZƏL

Rusiya son dövrlər Cənubi Qafqazın xarici siyasətindən kənarda qalır. Azərbaycanın balanslı diplomatiyası və artan rolu Moskvanın passivliyini daha da önə çıxarır.
Politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib ki,  Azərbaycan  Cənubi  Qafqazın yeni geosiyasi mərkəzi kimi yüksəlir:

"Son illərdə Cənubi Qafqazın geosiyasi arxitekturasında əsaslı dəyişikliklər müşahidə olunur. Bu transformasiyanın ən diqqətəlayiq göstəricisi isə bölgədə Rusiya Federasiyasının təsir imkanlarının nəzərəçarpacaq dərəcədə zəifləməsi, proseslərə əvvəlki kimi təsir göstərə bilməməsidir. Burada məsələnin iki tərəfi var: birincisi, Azərbaycanın həyata keçirdiyi balanslı və çoxvektorlu diplomatiya, ikincisi isə Moskvanın özünün bəzi qeyri-adekvat addımları. Azərbaycanın xarici siyasəti post-2020 dövründə daha da çevik, çoxşaxəli və qlobal aktorlarla sinxronlaşan xətt üzrə inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu diplomatik model bir neçə əsas prinsipə söykənir:
Bölgədaxili balans: İranla əlaqələrin taraz saxlanılması, Zəngəzur dəhlizi ilə bağlı mümkün gərginliklərin idarə olunması.
Qlobal tərəfdaşlıqlar: Çinlə "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində əməkdaşlıq, Avropa İttifaqı ilə enerji təhlükəsizliyi istiqamətində dərinləşən münasibətlər.
Türkiyə faktoru: Regional güc balansının dəyişdirilməsində qardaş ölkə ilə siyasi-hərbi koordinasiyanın artırılması.
Qoşulmama Hərəkatında liderlik: Bakı artıq yalnız regional yox, qlobal diskursda da söz sahibi olmağa iddialıdır.
Bu fonda Rusiya ilə münasibətlərdə də qətiyyətli, lakin qarşıdurmadan uzaq olan praqmatik mövqe sərgilənir. Məhz bu yanaşma Moskvanın bölgədəki oyunçuluq imkanlarını zəiflədir - artıq "hakim arbitraj" statusunu itirən Rusiya, proseslərin müşahidəçisinə çevrilir. Rusiya hazırda geosiyasi resurslarının əsas hissəsini Ukrayna savaşına yönəldib. Bu, onun Qafqazda həm siyasi, həm hərbi, həm də iqtisadi təsir rıçaqlarının passivləşməsi ilə nəticələnir.  Əvvəllər Cənubi Qafqazda hadisələrin taleyini ya Rusiya, ya da qismən Qərb müəyyən edirdisə, indi bu rolu Azərbaycan özü oynamağa başlayıb. Artıq Bakı təkcə tərəflər arasında balanslaşdırıcı deyil, həm də prosesləri yönəldən əsas mərkəzə çevrilib. Bu status aşağıdakılarla təmin olunur:
Təhlükəsizlik: Qarabağ üzərində tam suverenliyin bərpası
Enerji: Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz aktor
Logistika: Orta Dəhlizin əsas oyunçusu. Azərbaycanın çoxvektorlu diplomatiyası - müstəqil qərarlar vermək qabiliyyəti, alternativ güc mərkəzləri ilə çevik əməkdaşlıq və milli maraqları əsas götürən xarici siyasət kursu - Cənubi Qafqazda Rusiya kimi güc mərkəzlərinin manevr sahəsini məhdudlaşdırır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31