“Türkiyə də bu fürsətdən istifadə edərək PKK-nın buraxılması üçün əlindən gələni etdi”— ÖZƏL

Vətən Partiyasının lideri Doğu Perinçək "Globalinfo"ya müsahibəsində  NATO-nun gizli fəaliyyəti, PKK-nın taleyi və türk dünyasının birliyi ilə bağlı maraqlı açıqlamalar verib.
Perinçək PKK-nın artıq təsirsizləşdirildiyini, hətta Abdullah Öcalanın təşkilatın özünü ləğv etməsi üçün müraciət etdiyini bildirir. Mövcud vəziyyətdə bu iddialar nə qədər doğrudur?

Mövzu ilə bağlı politoloq Xəyal Bəşirov Olaylar.az-a açıqlamasında bildirib ki, " PKK ilə bağlı məsələyə gəldikdə, ümumiyyətlə, Kürd Fəhlə Partiyası adı altında yaradılan və 40 ildən artıqdır fəaliyyət göstərən PKK uzun illərdir ki, Türkiyə dövlətinə qarşı hallı-terror hadisələri törədir.Bu illər ərzində, onlara yaradılarkən verilən vədlər istiqamətində heç bir uğur əldə olunmayıb.Təbii ki, terror təşkilatları təsadüfən yaranmır, həmin təşkilatların yaradılmasında maraqlı olan qüvvələr olur. Biz bunu artıq çoxsaylı təşkilatların yaradılması və yaxud da ləğv olunması təcrübəsindən görmüşük.Zamanında, məsələn, Əl-Qaidə var idi, İŞİD var idi və yaxud da digər terrorçu  təşkilatlar vardı ki, bir çoxu ləğv edildi, bir çoxu isə hətta dövlət idarəçiliyinə gətirildi.Məsələn, Taliban. Taliban bu gün Əfqanıstanı idarə edir. Məsələn, Əhməd Əşarənin rəhbərlik etdiyi təşkilat - bir il bundan öncə həm onun rəhbərlik etdiyi təşkilat, həm də özü terrorçu hesab olunurdu, amma bu gün artıq Əhməd Əşara Suriyada keçid dövrünün prezidenti sayılır.Yəni belə hadisələrin gedişatı, geosiyasi proseslərin doğurduğu nəticələr bu kimi məqamları formalaşdırır. Amma tarixin arxivinə qovuşmuş təşkilatlar da var.PKK-ya gəldikdə isə, Türkiyənin son zamanlar regionda nüfuzunun artması, güclənməsi və bu gün Yaxın Şərqdə baş verən proseslərlə bağlı rolunun yüksəlməsi bəzi gücləri Türkiyəyə qarşı fərqli addımlar atmağa məcbur edib.Mən düşünmürəm ki, PKK özü-öz başına yaradılmış bir təşkilat idi. PKK-nın zamanında Qərb qüvvələri tərəfindən və yaxud da kənar qüvvələrin təsiri ilə, hətta Sovetlər İttifaqının təsiri altında yaradılması ilə bağlı fikirlər mövcuddur.Hər bir halda bu, kənar qüvvələrin təsiri altında yaradılmış bir təşkilatdır. Niyə? Çünki Sovetlər İttifaqı süquta uğradıqdan sonra da, artıq 30 ilə yaxındır ki, biz PKK-nın fəaliyyətdə olduğunu görürük.
Ona görə də mən düşünürəm ki, ola bilsin, zamanında Sovetlər İttifaqı tərəfindən yaradılıb, amma sonradan digər qüvvələrin - xüsusilə də qərbdə olan bəzi dairələrin maraqlarına cavab verdiyinə görə fəaliyyəti davam etdirilib.
Amma hazırkı mərhələdə artıq Türkiyənin rolu, Türkiyənin Yaxın Şərqdə baş verən proseslərə təsir imkanları o qədər artıb ki, bir sıra qüvvələr müəyyən dəyişikliklər etməyə məcbur qalıblar. PKK-nın buraxılması da məncə, bu məqamla bağlıdır. Müəyyən dəyişikliklər etmək və prosesləri fərqli formada davam etdirmək niyyətində olan güclər PKK-nın artıq rolunun azaldığını və faktiki olaraq aktual olmadığını ortaya qoyublar.Türkiyə də bu fürsətdən istifadə edərək PKK-nın buraxılması üçün əlindən gələni etdi. Təbii ki, artıq PKK-nın buraxılması ilə bağlı qərar qəbul edilib. Bu barədə məlumat da həmin təşkilatın nümayəndələri tərəfindən verilib.Bu buraxılma mən düşünmürəm ki, qarşılıqsız olacaq. Amma bu, heç də o demək deyil ki, bir ay, bir il, beş il sonra PKK yenidən - ya eyni adla, ya da fərqli formada - fəaliyyətə başlamayacaq.Çünki terror təşkilatları da dünyanın idarə edilməsində üsul və vasitələrdən biridir. Həmin təşkilatlar yaradılır, onlar vasitəsilə ayrı-ayrı dövlətlərə təsir göstərilir, dövlətlər zəiflədilir və yaxud bu təşkilatlar vasitəsilə dövlətlər müəyyən addımlar atmağa məcbur edilir.PKK ilə bağlı hazırkı mərhələdə qəbul edilmiş qərar təşkilatın buraxılması istiqamətindədir.İndi bu məsələdə Türkiyə dövləti maksimum dərəcədə operativ və düzgün addımlar atmalıdır ki, gələcəkdə həm bu təşkilatın yenidən bərpasının qarşısı alınsın, həm də fərqli formada onun fəaliyyət göstərməsi üçün imkan yaradılmasın. Eyni zamanda təşkilatın buraxılmasına qarşı olan tərəfdarları ilə bağlı da ölçü götürülməlidir.Çünki orada birmənalı, yekdil mövqe yoxdur. Eyni zamanda, hazırkı imkanlardan və şəraitdən istifadə edərək Türkiyə yaxın perspektivdə elə bir mühit formalaşdırmalıdır ki, terrorun aradan qaldırılması təmin olunsun və gələcəkdə terror yuvalarının yenidən yaradılmasına imkan verilməsin.Mən düşünürəm ki, hazırkı situasiya və Yaxın Şərqdə baş verən proseslər bu məqamları aydın şəkildə ortaya qoyur."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31