“Doğu Perinçək Türkiyənin NATO-dan çıxmasının tərəfdarlarından biridir”— ÖZƏL

Türkiyənin tanınmış siyasətçisi Doğu Perinçək "Globalinfo"ya verdiyi eksklüziv müsahibədə NATO-nun gizli planlarını, PKK-nın son durumunu və türk dünyasının gələcəyini dəyərləndirib.
NATO-nun "gizli təşkilatlanması" dedikdə nə nəzərdə tutulur?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib ki,"Doğu Pərinçək Türkiyədə sol görüşü təmsil edən siyasətçilərdən sayılır və onun bütün çıxışları Türkiyənin Rusiyayla, o cümlədən Çinlə yaxın münasibətlər qurması yönündədir. NATO-ya, Qərbə qarşı sərt mövqə ilə tanınan bir siyasətçidir və hətta Türkiyənin NATO-dan çıxmasını belə istəyən az sayılı türk siyasətçilərdən biri sayılır və bir çox hallarda da müəyyən məsələlərlə gündəmə gəlir. O cümlədən sensasion sayıla bilən iddialarla çıxış edir və bu iddiaların nə qədərinin doğru, nə qədərinin doğru olmadığını müəyyən eləmək çox da asan olmur.NATO-nun gizli planlarına, PKK məsələlərinə nəzər almaq lazımdır ki, Doğu Pərinçək özü zamanında  Abdullah Öcalanla görüşmüş bir şəxsdir və bir daha qeyd edirəm NATO-nun fəaliyyətləri ilə razı deyil və Türkiyənin NATO-dan çıxmasının tərəfdarlarından biridir. Yəqin ki, NATO-nun çox müxtəlif gizli planları da ola bilər, amma düşünürəm ki, NATO 30 ölkəni özündə birləşdirən bir təşkilatdır və orada çox da böyük gizli planların olduğunu iddia etmək, açığı, mənə çox da ciddi təsir bağışlamır. Şübhəsiz ki, NATO-ya daxil olan bir çox ölkələr var ki, onların PKK ilə bağlı xüsusi münasibətləri olduğu sirr deyil və məhz bu terror təşkilatı Türkiyənin düşməni kimi qəbul edilən bir təşkilatdır və uzun müddət həm də NATO-nun bir çox aparıcı dövlətləri tərəfindən təsirlənib və Türkiyə təsir mexanizmi kimi saxlanmağa cəhd edilib.Doğrudur ki, son dövrlər PKK silahların təslim edilməsi ilə bağlı müəyyən adımlar atır, amma bu prosesin necə davam edəcəyi əlbəttə ki, müəyyən suallar yaradır və bu prosesin necə sona çatacağı, əslində, necə deyərlər, gələcəkdə biz görəcəyik. O baxımdan, Doğu Pərinçəyin nəyi gözlədiyi, nəyi nəzərdə tutduğunu demək bir az çətindir."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31