“Azərbaycan Aİ-nin Şərq siyasətində strateji tərəfdaşa çevrilir” – Zeynal Əmrəliyev – ÖZƏL
29 May 13:12 Siyasət"Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər artıq normallaşma mərhələsinə qədəm qoyub və bu proses davam edəcəkdir. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və uzun müddətdir ki, Şərqi Avropanın enerji təminatında əsas ölkələrdən biri kimi çıxış edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. O qeyd edib ki, Azərbaycan Avropa İttifaqının Şərqə yönələn siyasətində enerji, nəqliyyat və tranzit sahələrində strateji tərəfdaşa çevrilir:
"Bu yaxınlarda Avropa Siyasi Sammitində cənab Prezidentin Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasla keçirdiyi görüşdə bu məsələlər geniş şəkildə müzakirə olundu. Azərbaycanın Avropa Şurası ilə həm xarici siyasət, həm təhlükəsizlik, həm də enerji və nəqliyyat sahələrində sıx əlaqələri mövcuddur. Xüsusilə, nəzərə almaq lazımdır ki, ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsindən sonra Avropa İttifaqının ABŞ-yə münasibətində müəyyən soyuqluq müşahidə olunur. Bu baxımdan Avropa İttifaqı Çin və Mərkəzi Avropa ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışır, üzünü daha çox Şərqə çevirir. Məsələn, bu yaxınlarda Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri - xüsusilə türk dövlətləri - arasında yeni sazişlər imzalanıb. Bununla yanaşı, Avropa İttifaqı ilə Çin arasında iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi də göstərir ki, Aİ Şərq ölkələri ilə ticarət və diplomatik münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Bu mənada Azərbaycan həm tranzit ölkə kimi, həm də böyük enerji potensialına və sərfəli nəqliyyat yollarına malik dövlət kimi xüsusi əhəmiyyət daşıyır".
Siyasi şərhçi vurğulayıb ki, Avropa şirkətləri Qarabağdakı yenidənqurma və bərpa işlərində iştirak etmək istəyirsə, Azərbaycan ilə münasibətləri gücləndirməli və daha obyektiv mövqe sərgiləməlidir.
"Azərbaycan hökumətinin son illərdə həyata keçirdiyi infrastruktur layihələri, istər quru, istərsə dəmir yolları sahəsində əldə olunan irəliləyişlər ölkəmizi daha etibarlı tranzit mərkəzinə çevirib. Bu da Azərbaycanın Avropa-Çin və Avropa-Mərkəzi Asiya əməkdaşlığında əsas açar dövlət kimi rolunu gücləndirir. Bu kontekstdə Avropa İttifaqının Azərbaycana ehtiyacı təkcə enerji deyil, həm də təhlükəsizlik, xarici siyasət və nəqliyyat baxımından artır. Eyni zamanda, hazırda işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işləri geniş vüsət alıb. Əgər Avropa şirkətləri bu prosesdə iştirak etmək istəyirlərsə, bunun üçün Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər normallaşmalı və qarşılıqlı anlaşma güclənməlidir. Yəqin ki, Brüsseldə də bu məsələlər nəzərə alınacaq. Avropa İttifaqının digər institutları da Azərbaycana qarşı obyektiv mövqe sərgiləməlidir. Məsələn, Avropa Şurası Parlament Assambleyası (AŞPA) artıq Azərbaycan nümayəndə heyətinə qarşı tutduğu qərəzli mövqedən əl çəkməli, nümayəndə heyətimizin hüquqlarını bərpa etməlidir. Azərbaycan nümayəndələri AŞPA iclaslarına buraxılmalı, onların statusu bərpa olunmalıdır. Avropa İttifaqı da AŞPA-ya bu məsələləri açıq şəkildə çatdırmalıdır".
Səidə Ramazanova