“Türk dövlətləri bir-birinə arxa durmalı və vahid mövqe nümayiş etdirməlidir”— ÖZƏL

Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək Globalinfo.az-a müsahibəsində NATO-nun gizli planlarından, Türkiyəyə qarşı təlimlərdən, PKK məsələsindən və Türk dünyasının birliyindən danışıb. O bildirib ki, 8 ölkə ABŞ-ın rəhbərliyi ilə Türkiyəyə qarşı təlimlər keçirir və Türk dövlətləri ancaq  Asiya ilə birləşərək güclənə bilər.

Perinçək Türk dünyasının yalnız Asiya platformaları (ŞƏT, BRİCS) vasitəsilə birləşə biləcəyini qeyd edir. Türk dövlətlərinin bu təşkilatlarda iştirakını necə qiymətləndirmək olar?

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib ki, "Türk dünyası artıq yalnız ortaq tarix və mədəniyyət üzərində deyil, ortaq maraqlar və strateji istiqamətlər üzərində də birləşmək mərhələsinə qədəm qoyub. Qlobal güc balansının dəyişdiyi bir dövrdə Türk dövlətləri öz mövqelərini yalnız Qərb platformalarında deyil, Asiya təşkilatlarında da möhkəmləndirməlidirlər. ŞƏT və BRİCS kimi qurumlar Türk dünyasının çoxqütblü sistemə inteqrasiyası üçün real alternativdir. Bu strukturlarda yer almaq həm təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirəcək, həm də iqtisadi və enerji əməkdaşlığını yeni səviyyəyə daşıyacaq. ABŞ və Qərb mərkəzli ittifaqların zaman-zaman Türk dövlətlərinə qarşı ikili standartlarla çıxış etməsi, bu dəyişimi labüd edir. Doğu Perinçək-in səsləndirdiyi fikirlər Türk dünyasında yüksələn Avrasiyaçılıq xəttinin siyasi təzahürüdür. Türk dövlətləri yalnız Asiya ilə daha sıx əməkdaşlıq etdikcə öz suverenliyini möhkəmləndirə bilər. Azərbaycanın və Türkiyənin bu istiqamətdə atdığı addımlar digər Türk respublikalarına da nümunə ola bilər. Rusiya və Çinlə tarazlı əməkdaşlıq, eyni zamanda Qərblə məsafəli tərəfdaşlıq Türk birliyinin siyasi dayanıqlığını artırar. Ortaq layihələr, ortaq bazar və ortaq təhlükəsizlik mexanizmləri Türk dünyasının öz daxili gücünə söykənən blok yaratmasına imkan verir. Zəngəzur dəhlizindən başlayaraq, Transxəzər ticarət yoluna qədər uzanan yeni coğrafi xəritə Türk dünyasını fiziki olaraq da birləşdirir. Bütün bu proseslərdə informasiya müharibəsinə, ideoloji təsirlərə və iqtisadi təzyiqlərə qarşı Türk dövlətləri bir-birinə arxa durmalı və vahid mövqe nümayiş etdirməlidir. Türk dünyasının gələcəyi Qərbin təsir dairəsindən uzaqda, Asiyanın yüksələn gücləri ilə tarazlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərdədir. Bu yanaşma yalnız siyasi deyil, həm də mədəni və intellektual oyanış üçün bir zəmindir. XXI əsr Türk əsri olacaqsa, bu, ancaq birlik, strateji baxış və geosiyasi cəsarət sayəsində mümkün olacaqdır."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31