“İpinin ucu Moskvanın əlində olanlardan Türk milləti fayda görməyib, görməyəcəkdir”— ÖZƏL
29 May 2025 12:12 SiyasətTürkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək Globalinfo.az-a müsahibəsində NATO-nun gizli planlarından, Türkiyəyə qarşı təlimlərdən, PKK məsələsindən və Türk dünyasının birliyindən danışıb. O bildirir ki, 8 ölkə ABŞ-ın rəhbərliyi ilə Türkiyəyə qarşı təlimlər keçirir və Türk dövlətləri ancaq Asiya ilə birləşərək güclənə bilər.
Türk dövlətləri arasında geosiyasi baxımdan daha sıx əməkdaşlıq hansı formatlarda mümkün ola bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib ki, "Doğu Perinçək özünün Moskva ilə bağları ilə diqqət çəkir və bütün fəaliyyəti dövründə, ümumiyyətlə, onların partiyası da, siyasi fəalları da həmişə Moskvaya bağlı olublar.Qardaş Türkiyənin daxilində də heç vaxt ciddi siyasi dəstək ala bilməyiblər. Heç bir seçkidə onların qalib gəldiyi olmayıb. Hətta bir nəfər deputat belə, millət vəkili belə seçdirə bilmirlər.Yəni Türkiyə ictimai rəyində yeri olmayan bir partiyadır. Moskvaya bağlıdılar, açıq şəkildə Moskvaya təzim edirlər.Təbiidir ki, onların dediyi sözlər bizim üçün o qədər də əhəmiyyətli deyil.Sadəcə olaraq, bilirsiniz, arada bunlar ortaya çıxırlar, "biz də varıq" demək istəyirlər. Bax, bu cür sözlər deməklə özlərinin varlığını göstərmək istəyirlər.Mən düşünürəm ki, Azərbaycan ictimai rəyində onlarla bağlı nəyisə müzakirə etmək belə heç doğru deyil.Yəni o adamlardan nə Türkiyəyə, nə Azərbaycana xeyir gəlməz. Çünki ipinin ucu Moskvanın əlində olanlardan Türk milləti fayda görməyib, görməyəcəkdir."
Gülxanım Əliyeva