“Paşinyan hakimiyyəti sülh sazişini imzalamağa məhkumdur” – Elçin Xalidbəyli – ÖZƏL
27 May 2025 15:40 Siyasət"Ermənistanın siyasi dairələri indiyə qədər davamlı olaraq siyasi manipulyasiyalarla məşğul olublar. Ancaq Paşinyan hakimiyyəti artıq çox aydın şəkildə anlayır ki, Azərbaycanla yekun sülh sazişi imzalanmadan Ermənistanın inkişaf perspektivləri reallıqdan uzaqdır. Bu səbəbdən rəsmi İrəvan istənilən halda Azərbaycanla yekun sülh sazişini imzalamağa məcburdur və bu istiqamətdə müəyyən addımlar atmağa da məhkumdur".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O qeyd edib ki, Ermənistanda xarici təsirlər və revanşist müxalifətin təzyiqləri səbəbindən Paşinyan hakimiyyəti 2026-cı il seçkilərinədək sülh sazişi imzalamaqda çətinlik çəkir:
"Ermənistanda elə bir vəziyyət mövcuddur ki, bu proses yalnız Paşinyan hakimiyyətindən asılı deyil. Birincisi, xarici faktorlar bu məsələyə ciddi şəkildə təsir göstərir. İkincisi isə, bəzi xarici ölkələrin kəşfiyyat orqanları ilə birbaşa əlaqəsi olan və həmin orqanlar tərəfindən yönləndirilən radikal revanşist erməni müxalifəti Azərbaycanla yekun sülh sazişinin imzalanmasına qarşı çıxır. Böyük ehtimalla bu müqavimət də həmin kəşfiyyat orqanlarının sifarişi əsasında həyata keçirilir. Məhz bu səbəbdən 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyəti yekun sülh sazişinin imzalanması istiqamətində hər hansı bir ciddi addım atmağa cəsarət edə bilmir".
Siyasi şərhçinin sözlərinə görə, yekun sülh sazişinin imzalanması üçün əsas şərtlər yalnız seçkilərdən sonra reallaşa bilər.
"Böyük ehtimalla, yekun sülh sazişi məhz Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra imzalanacaq. Çünki burada əsas məsələ ondan ibarətdir ki, əgər Paşinyan hakimiyyəti seçkilərdə qalib gələrsə, yalnız bu halda Ermənistan Konstitusiyasının dəyişdirilməsi mümkün olacaq. Paşinyan hakimiyyəti isə tam şəkildə anlayır ki, Rəsmi Bakının iki əsas şərti yerinə yetirilmədən Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması mümkün deyil. Bu iki şərt: Ermənistana qarşı ərazi iddialarını ifadə edən Ermənistan Konstitusiyasındakı müddəaların ləğv edilməsi; Bu, birinci və əsas şərtdir. ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı Azərbaycan və Ermənistanın birgə şəkildə ATƏT-ə rəsmi müraciət etməsi;
Əgər bu iki şərt yerinə yetirilərsə, onda yekun sülh sazişinin imzalanmasına mane olan əsas əngəllər aradan qalxacaq".
E. Xalidbəyli bildirib ki, Paşinyan hakimiyyəti sülh sazişi ilə bağlı müəyyən mesajlar versə də, siyasi iradə çatışmazlığı səbəbindən bu məsələni hələlik yalnız manipulyativ şəkildə nəzarətdə saxlamağa çalışır.
"Böyük ehtimalla, Ermənistan hakimiyyəti, o cümlədən baş nazir Nikol Paşinyan bu məsələyə hələlik siyasi manipulyasiyalarla yanaşaraq Ermənistanın daxili siyasətində sülh sazişi mövzusunu nəzarətdə saxlamağa çalışır. Belə görünür ki, Paşinyan hakimiyyəti Rəsmi Bakının irəli sürdüyü iki əsas şərti yerinə yetirməyə qarşı deyil, lakin bu şərtləri icra etmək üçün siyasi iradə hələ ki, mövcud deyil. Baş nazir Nikol Paşinyan müəyyən mesajlar verir, ancaq bu mesajları reallaşdırmaqda çətinlik çəkir. Bu səbəbdən böyük ehtimalla belə nəticəyə gəlmək olar ki, Paşinyan hakimiyyətinin siyasi manipulyasiyaları hələ bir müddət davam edəcək. Bununla belə, ehtimal edilir ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkilərindən sonra Ermənistan hakimiyyəti, o cümlədən Paşinyan rəhbərliyi Rəsmi Bakının şərtlərini yerinə yetirmək məcburiyyətində qalacaq və bunun ardınca yekun sülh sazişi imzalanacaq".
Səidə Ramazanova