“Prezidentin əfv fərmanı cəmiyyətin inkişafına işarədir” – Tofiq Abbasov – ÖZƏL

"Əfv fərmanı ölkəmizin həyatında, cəmiyyətimizin qurulmasında vacib hadisədir. Çünki, ümumilikdə, insanlara dövlət başçısıı şans verir ki, onlar səhvlərini anlaya bilsinlər. Əlbəttə, hər bir insan bəzən həyatda, dünyada bir qarışıq vəziyyətdə olur, anlaşılmaz hərəkətlərə yol verir və s. İnsanlara, əlbəttə ki, humanist yanaşma nümayiş etdirməklə yenidən şans vermək çox vacib bir hadisədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, əfv fərmanları cəmiyyətin humanist dəyərlərə əsaslandığını, mənəvi yetkinliyə çatdığını və inkişaf yolunda olduğunu göstərən mühüm sosial göstəricidir:

"Bu, mənəvi cəhətdən böyük bir aktdır. Digər tərəfdən, cəmiyyətin yetkinliyinə işarə edən bir göstəricidir və nəhayət, cəmiyyətdə barış, xoş münasibət və nəcib niyyətlərin olması üçün yaranan bir fürsətdir. B nəfərin vaxtından tez cəza yerindən azad olunması onun ətrafı, ailə üzvləri üçün də bir növ rahat nəfəs almağa səbəb olur. Digər tərəfdən, yeni bir şans qazanmış olurlar və bu onlara, ilk növbədə, mənəvi rahatlıq gətirir, mənəvi bir yüksəklik, üstünlük qazandırır. Bu baxımdan düşünürəm ki, ilk növbədə bu, bizim cəmiyyətimizin inkişafının göstəricisidir. Bilirsiniz, inkişaf müxtəlif tərzdə olur. Məsələn, fiziki inkişaf, psixoloji inkişaf, mənəvi inkişaf. İnkişaf həmişə özü üçün yeni cığırlar açır, insanlara yeni şanslar verir, cəmiyyətdə olan ab-havanı saflaşdırır, onu duruldur. O baxımdan hesab edirəm ki, bu hadisənin böyük əhəmiyyəti var. Adətən görürük ki, bayramlar ərəfəsində dövlət başçısı həmişə böyük işlərə qol qoyur, onları gündəmə gətirir və hesab edirəm ki, bu, bir daha bizim cəmiyyətimizin kamil, təkmil olmasına işarə verən göstəricidir. Bunu təkcə əfv fərmanından azad olunanlar, onların yaxınları yox, cəmiyyətin özü də belə halları düzgün qiymətləndirməli, dəyərləndirməlidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31