“Avropa dövlətləri heç bir şəkildə istəmirlər ki, Türkiyənin diqtəsi ilə nəticəli bir proses baş versin”— ÖZƏL

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Lavrov və Putinlə görüşüb. O bildirib ki, Türkiyə Ukrayna ilə bağlı danışıqlara ev sahibliyi etməyə və sülhə dəstək verməyə hazırdır.
Türkiyənin bu danışıqlara ev sahibliyi istəyi bölgədə sülh prosesinə necə təsir edə bilər?

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib ki, "Hakan Fidanın Ukrayna və Rusiya arasında danışıqlara ev sahibliyi etmək barədə fikirləri bundan əvvəl Türkiyənin atdığı analoji addımların davamı kimi qiymətləndirilməlidir. Yəni, Türkiyə tərəfi yaxşı başa düşür ki, belə ciddi bir münaqişəni - qlobal siyasətdə böyük dövlətlərin belə aralarında ciddi soyuqluğa səbəb olan bu məsələni - həll edə bilmək və bu həllin Ankarada və ya İstanbulda tapılması onun həm regional təsir imkanlarını artıracaq, həm də dünyadakı nüfuzunu xeyli genişləndirəcək.Ona görə də indi Türkiyə, Fransa və digər Qərb dövlətləri ilə ABŞ-ın özünün də müdaxiləsinə baxmayaraq, Rusiya-Ukrayna danışıqlarını İstanbula və ya Ankaraya, yaxud Türkiyənin başqa bir şəhərinə daşımaq niyyətindədir. Burada hədəflənən əsas məqsəd isə bu iki dövləti barışdırmaq, küsülülüyü tam həll etmək mümkün olmasa da, ən azından atəşkəsə nail olunmasını məhz öz diplomatik səyləri ilə təmin etməkdir.Əslində, biz tarixi vərəqləsək görərik ki, hələ münaqişənin başlandığı ilk dövrlərdə - yəni münaqişədən 2-3 ay sonra baş tutan İstanbul danışıqlarında - Türkiyə əslində bu nəticəyə nail olmuşdu. Sonradan mətbuatda yayılan məlumatlar və Rusiya rəsmilərinin etiraf etdikləri də onu deməyə əsas verir ki, əslində Ukrayna və Rusiya kompromis şəkildə - yəni hər iki tərəfin bir-birinə müəyyən güzəştlərə getməsi nəticəsində - ortaq məxrəcə gəlib atəşkəsə keçmək niyyətində imişlər.Lakin sonradan Qərb dövlətlərinin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının - çünki o zaman Joe Biden administrasiyası müharibənin davam etməsində və Amerikanın maraqlarının orada, bölgədə təmin olunmasında maraqlı idi - müdaxiləsi ilə bu danışıqlar pozulmuşdu.İndi isə Türkiyə tərəfi yaxşı görür ki, Donald Trumpın Amerika Birləşmiş Ştatlarında yenidən iqtidara gəlməsi ilə o, Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edib bu danışıqları məntiqi sonluğa çatdıra bilər. Çünki Trump özü də Rusiya-Ukrayna müharibəsinin bitməsindən yanadır. O və müttəfiqləri hesab edirlər ki, müharibə dayandırılsa, Amerika Birləşmiş Ştatları üçün real təhlükə törədə biləcək potensiala sahib Çin siyasətinə rahat şəkildə yönələ bilərlər.Çünki Şərqi Avropada Avropa təhlükəsizliyini təhdid edən belə bir ciddi müharibənin davam etməsi fonunda təbii ki, Trumpın - yəni Amerika Birləşmiş Ştatlarının - Avropa müttəfiqləri heç vaxt onu Çin ilə qarşıdurmada bir mənalı şəkildə dəstəkləyə bilməzlər. Çünki Avropa üçün bu halda əsas vacib məsələ, əsas zəruriyyət Rusiya siyasəti və Rusiya təhlükəsi olacaq.İndi ona görə də Türkiyə tərəfi çalışır ki, məhz bu danışıqları özü təşkil etsin və onların təsiri ilə münaqişə sona çatsın. Bu da bayaq qeyd etdiyimiz kimi, Ankaranın xarici maraqlarının, xarici nüfuz dairəsinin genişlənməsinə və təsirlərinin artmasına səbəb ola bilər.Amma indi elə bir vəziyyət formalaşıb ki, Hakan Fidanın çatmaq istədiyi məqsədlərə nə dərəcədə çata biləcəyi sual altındadır. Qeyd etdiyimiz kimi, Avropa dövlətləri heç bir şəkildə istəmirlər ki, Türkiyənin diqtəsi ilə nəticəli bir proses baş versin. Ona görə də Türkiyə tərəfi hazırda bu məqsədinə çatmaq üçün ciddi təzyiqlərlə üz-üzədir. Amma zaman keçdikcə, artıq bütün yollar tıxandıqda, Türkiyə versiyası və onun təklifləri daha aktual ola bilər."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31