AXC Şərqə ilk parlamentli respublika olaraq tarixə düşüb- ÖZƏL
27 May 2025 14:25 Siyasət"1918-ci ilin 28 may tarixində Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən Azərbaycan Milli Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilmişdir. Azərbaycan xalqı istiqlaliyyətini elan edərək və müstəqillik əzmini nümayiş etdirərək özünün və Şərqin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını yaratmışdır. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika olaraq tarixə düşmüşdür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib: "AXC parlamentli idarəetmə formasına malik, demokratik prinsiplərə əsaslanan və qadınlara seçki hüququ verən ilk müsəlman dövlətlərdən biri idi. Lakin bu cümhuriyyət uzun ömürlü olmadı. 1920-ci ilin 28 aprel tarixində Sovet Rusiyası tərəfindən işğal edildi və Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti zamanı Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırılmış, Dövlət bayrağı və Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Həmçinin qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur".