Xalq Cümhuriyyətinin timsalında Azərbaycan xalqı yeni bir dövlətçilik ənənəsinin əsasını qoyub- ÖZƏL

"Azərbaycan xalqı zəngin və şərəfli dövlətçilik tarixinə malikdir. Bu tarixin ən mühüm səhifələrindən birini 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və olduqca mürəkkəb şəraitdə 23 aylıq fəaliyyəti təşkil edir. Əlbəttə, Şərqdə ilk parlamentli və demokratik respublika olan Xalq Cümhuriyyətinin timsalında Azərbaycan xalqı yeni bir dövlətçilik ənənəsinin əsasını qoyub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib: "Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, milli dövlətçilik ənənələrinin qorunması və inkişafına xidmət göstərən əhəmiyyətli islahatlar həyata keçirib, müxtəlif sahələri əhatə edən çoxsaylı qanunlar qəbul edilib. Bununla da demokratik idarəetmə baxımından nümunə sayılan mütərəqqi dəyərlər yaradılıb. Xalq hakimiyyətinin və insanların bərabərliyinin təsbit edilməsi, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verilməsi, irqi, milli, dini, sinfi bərabərsizliyini aradan qaldırılaraq demokratik idarəetmə sisteminin formalaşdırılması, Şərqdə qadınlara ilk dəfə seçib-seçilmək hüququnun verilməsi bu baxımdan xüsusi qeyd edilməlidir.
Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrindən bəhs edərkən 1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan parlamentinin fəaliyyətini mütləq şəkildə qeyd etməliyik. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olmuşdur. Bunlarla yanaşı, həmin dövrdə milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının qəbul edilməsi, məktəblərin milliləşdirilməsi, milli kadr siyasətinin aparılması, Azərbaycan dilinə dövlət dili statusu verilməsi və bu kimi digər tarixi əhəmiyyətə malik olan addımlar milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə çox mühüm töhfələr verib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31