“Azərbaycan İslam dünyasında aparıcı mövqeyə malikdir” – Ramiyə Məmmədova – ÖZƏL
27 May 2025 12:57 SiyasətMayın 26-da Bakıda "İslamofobiya: Qərəzin ifşası və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir 40-dan çox ölkədən alim və ekspertləri bir araya gətirib. Konfrans İslamofobiyaya qarşı qlobal çağırışlar, siyasi və media qərəzi, hüquqi çərçivələr və dini irsin qorunması mövzularını əhatə edib.
"Bu gün dünyada İslam aləminə qarşı siyasi baxımdan hərtərəfli təzyiqlər var. İslam dünyasını demək olar ki, çıxılmaz vəziyyətə salıblar. Çünki İslama qarşı qərəzli münasibət artır və islamofobiya getdikcə daha da güclənir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. O bildirib ki, İslam dünyasına qarşı artan qərəz və təzyiqlər fonunda müsəlman ölkələri birləşərək öz dəyərlərini və kimliklərini qorumağa çalışırlar:
"Bunu bir çox hallarda müşahidə etmək mümkündür. Məsələn, Quranın yandırılması, Peyğəmbərə qarşı hörmətsizliklər, müsəlman dövlətlərinə qarşı davam edən qərəzli münasibətlər və onlara qarşı aparılan müharibələr buna misaldır. Bu hadisələrə nəzər saldıqda görürük ki, çox təəssüf, bəzi xristian dövlətləri həm din, həm də irq amili ilə bağlı olaraq İslam ölkələrinə qarşı açıq-aşkar qərəz nümayiş etdirirlər. Müsəlman ölkələrində ardıcıl şəkildə siyasi təlatümlər yaratmaq, müharibələr çıxarmaq və təzyiqləri artırmaq cəhdləri bunun sübutudur. Bütün bunları nəzərə alaraq demək olar ki, bu gün İslam dünyası birləşmək məcburiyyətindədir. Öz dinini, irsini və milli kimliyini qorumaq üçün İslam ölkələri həmrəy olmalı və bir mövqedən çıxış etməlidirlər. Bu məqsədlə İslamla bağlı beynəlxalq konfranslar keçirilir, elmi işlər yazılır, müxtəlif təşəbbüslər həyata keçirilir".
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan İslam dünyasının fəal üzvü kimi islamofobiyaya qarşı mübarizədə birliyi dəstəkləyir və İslamın sülhsevər dəyərlərini təbliğ edir.
"Azərbaycanda da bu proseslərə xüsusi önəm verilir. Əhalisinin 99%-i müsəlman olan bir ölkə kimi Azərbaycan İslam dünyasının üzvüdür və bu cür təşəbbüslərdə fəal iştirak edir. Ölkəmizdə islamofobiyaya qarşı tədbirlərin təşkili, İslam və müsəlman ölkələri ilə əməkdaşlıq bu həm İslam aləminin, həm ərəb dünyasının, həm də ümumilikdə müsəlman birliyinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün dünyada - istər Qərbdə, istər Yaxın Şərqdə, istərsə də ABŞ-də - baş verən hadisələr göstərir ki, bəzi qeyri-müsəlman dövlətlər tərəfindən İslam dininə və müsəlmanlara qarşı böyük qərəz mövcuddur. Müsəlmanların öldürülməsi, dini dəyərlərə hörmətsizlik və təzyiqlər islamofobiyanın hansı səviyyəyə çatdığını açıq şəkildə nümayiş etdirir. Bütün bu təzyiqlərə qarşı İslam dünyası birləşməlidir və Azərbaycan da bu birliyin bir üzvü olaraq fəal iştirak etməlidir. Azərbaycanın bu konfranslarda iştirakı, İslamın dəyərlərini təbliğ etməsi, İslam dininin sülhsevər və insani dəyərlərə əsaslanan mahiyyətini göstərməsi həm ölkəmiz, həm də müsəlman aləmi üçün böyük əhəmiyyət daşıyır".
R. Məmmədova vurğulayıb ki, İslam dünyasında möhkəmlənən mövqeyi və multikultural dəyərləri ilə Azərbaycan beynəlxalq nüfuzunu artıraraq aparıcı və hörmət edilən dövlətlərdən birinə çevrilir.
"Bu, Azərbaycan üçün də böyük bir üstünlükdür. Çünki Azərbaycan bir İslam dövləti olaraq həm iqtisadi, həm siyasi baxımdan bu cür konfransların artması və beynəlxalq əməkdaşlıqların genişlənməsi sayəsində mövqeyini daha da gücləndirir. Azərbaycan bu gün İslam dünyasının aparıcı dövlətlərindən biri kimi çıxış edir və bu, ölkəmiz üçün mühüm bir uğurdur. Eyni zamanda, Azərbaycanın İslam dünyasında tutduğu mövqe onun beynəlxalq nüfuzunun artmasına səbəb olur. Bu gün Azərbaycan həm iqtisadi, həm siyasi, həm də diplomatik sahədə bütün ölkələrlə münasibətlərini genişləndirir. Bu da onu göstərir ki, Azərbaycan həm Yaxın Şərqə, həm Qərbə açıq olan, multikultural dəyərləri daşıyan, bütün din və irqlərə hörmətlə yanaşan dövlətlərdən biridir. Və bu xüsusiyyətləri ilə Azərbaycan bu gün dünyada multikulturalizmin əsas nümunələrindən biri kimi ön sıralarda yer alır".
Səidə Ramazanova