Azərbaycan tarixi Zəfərin reallıqlarına söykənərək yeni hədəflərə doğru inamla addımlayır- ÖZƏL

"Bu gün müasir, müstəqil, qalib, bütövləşən və yeni dövrə qədəm qoyan Azərbaycanın davamlı uğurlarından böyük qürur hissi ilə danışırıq. Hər bir bayram, əlamətdar gün keçilən yolun təhlilini daim  bir zərurət kimi qarşıya qoyur. Bu baxımdan müstəqillik tariximizin hər bir səhifəsi vərəqlənir, ayrı-ayrı dövrlərin müqayisəli təhlili əsasında Azərbaycanın bugünkü reallıqlara nail olmaq üçün keçdiyi yolun heç də hamar olmadığı  bir daha indiki və gələcək nəsillərə çatdırılır. Bu məqamı da xüsusi qeyd edək ki, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda 2021-ci il 15 oktyabr tarixində qəbul edilən  "Müstəqillik günü haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən  28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Bu mühüm addım Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. 107 illik müstəqillik tarixinə malik olan Azərbaycan hazırda tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının reallıqlarına söykənərək yeni-yeni hədəflərə doğru inamla addımlayır". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili vurğulayıb ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir: "Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31