Azərbaycan Türk Dövlətləri Təşkilatında aparıcı aktor kimi çıxış edir- ÖZƏL

"Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bir çox önəmli məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin çıxışı təşkilatın gələcək strateji xəttinin formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Dövlətimizin başçısının irəli sürdüyü ideyalar və təqdim olunan faktlar Azərbaycanın bu təşkilatda aparıcı aktor kimi çıxış etdiyini bir daha təsdiqləyir. Ölkəmizin tərəqqisini, inkişafını, gələcəyini həm də türk dövlətlərinin birliyində görən dövlətimizin başçısı hələ 14 fevral 2024-cü ildə Milli Məclisdə andiçmə mərasimindəki çıxışında türk dövlətləri ilə əməkdaşlıqdan, birlikdən, qarşıdakı illərdə bu istiqamətdə atılacaq növbəti addımlardan söz açaraq demişdir: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır".
Türkdilli dövlətlər arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr günü-gündən daha da möhkəmlənir. Türk Dövlətləri Təşkilatı fəaliyyət göstərdiyi ötən müddətdə səmərəli inkişaf yolu keçib. Qurum 173 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Qeyd edək ki, Türk dünyası hazırda beynəlxalq münasibətlərin yeni bir güc mərkəzi kimi mühüm önəm daşıyır, ciddi geosiyasi və geoiqtisadi çəkiyə malik olması ilə diqqət çəkir. Bunu statistik göstəricilər də təsdiq edir. Hazırda bu dövlətlərdə ümumi daxili məhsulun həcmi 1,5 trilyon dollar, ticarət dövriyyəsi isə 1,2 trilyon dollar təşkil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31