Hakan Fidan: Türkiyə Ukrayna üzrə sülh danışıqlarına ev sahibliyinə hazırdır – ÖZƏL
27 May 2025 10:18 SiyasətTürkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada keçirilən danışıqlarda ölkəsinin Ukrayna üzrə yeni sülh danışıqlarına ev sahibliyi etməyə və münaqişənin həllinə hər cür dəstək verməyə hazır olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə Hürriyet qəzeti məlumat yayıb.
Fidan hazırda Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə iki günlük səfərlə Moskvadadır. Bazar ertəsi o, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski ilə görüşüb. Xatırladaq ki, Medinski 2022-ci il mayın 16-da İstanbulda keçirilən Rusiya-Ukrayna birbaşa danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik etmişdi. Fidan həmçinin Rusiya Prezidenti Vladimir Putin tərəfindən də qəbul olunub.
Hürriyetin məlumatına görə, Fidanın görüşlərində əsas müzakirə mövzularından biri də Suriya ilə bağlı vəziyyətdir. Qəzet yazır ki, Ankara Suriyanın siyasi və ərazi bütövlüyünün qorunmasında Rusiyanın dəstəyinin davam etməsini istəyir.
Görüşlərin gündəliyinə həmçinin Rusiya ilə ikitərəfli münasibətlər də daxildir. Qəzet qeyd edir ki, Rusiya Türkiyənin əsas enerji təchizatçısıdır, Türkiyə isə rusiyalı turistlərin ən çox üz tutduğu ölkə olaraq qalır. 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6.9% azalıb, bu da əsasən sanksiyalarla əlaqələndirilir. Sanksiyalar Türkiyədə inşa edilən ilk nüvə elektrik stansiyası - Akkuyu layihəsinə də təsir göstərir.
Hürriyet yazır ki, ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar üçüncü ölkələrə, o cümlədən Türkiyəyə də mənfi təsir göstərir. Ankara hesab edir ki, Rusiya və ABŞ arasında münasibətlərdə mümkün yaxınlaşma hər iki ölkəyə, eləcə də Türkiyəyə müsbət təsir edə bilər.