"İslamofobiya bəşəriyyət üçün utancverici haldır" – Mübariz Göyüşlü- ÖZƏL

Mayın 26-da Bakıda "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq konfrans başlayıb. İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və digər qurumların təşkilatçılığı ilə keçirilir. 
Konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib ki, radikal dini qruplar İslamı siyasi alətə çevirərək həm onun imicinə zərər vurur, həm də İslamofobiyanın yayılmasına səbəb olur. O, Azərbaycanın dünyəvi dövlət olaraq bu sahədə beynəlxalq mübarizəyə töhfə verə biləcəyini qeyd edib.

Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib. Siyasi şərhçi qeyd edib ki, İslam dünyasında birlik olarsa, islamofobiya nəticə verməyəcək:

"Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin bu istiqamətdə dəfələrlə çağırışları olub və Azərbaycan bu məsələdə çox sərt mövqe göstərir. Yəni biz qətiyyən islamofobiyaya razılaşa və barışa bilmərik. Belə bir halın, belə bir situasiyanın olması, ümumiyyətlə, bəşəriyyət üçün utancverici bir haldır.
Bir dinin dəyərlərindən fobiya səviyyəsində ona qarşı mübarizə aparırlar, aparmağa çalışırlar. Və dəfələrlə Azərbaycanda keçirilən mötəbər tədbirlərdə bu məsələ gündəmə gətirilib, xaricdə və hər zaman Azərbaycanın prinsipial mövqeyi ortaya qoyulub. Təbii ki, onu dəstəkləyənlər də var - islam ölkələri, geniş islam aləmi. Bu, çox önəmli bir məsələdir və biz bu istiqamətdə də davam edəcəyik.
Düşünürəm ki,  bütün islam ölkələri, təşkilatları, xalqları bu məsələdə yekdil mövqe göstərməlidirlər. Azərbaycanın Prezidentinin çağırışına səs verməlidirlər və verənlər də var. Daha da genişlənməsi lazımdır. Əgər islam dünyasında birlik olarsa, bu islamofobiya- islam dünyasını, islam ölkələrinin xalqlarını zəiflətməyə yönəlmiş mübarizə o nəticəni, o effekti verməyəcəkdir. Nəticədə haqq-ədalət qalib gəlmiş olacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31