Azərbaycan xalqının tarixində parlaq səhifə- ÖZƏL
26 May 2025 15:39 Siyasət"Bu gün sahib çıxdığımız müstəqilliyin, əldə etdiyimiz uğurların əsasında ötən əsrin əvvəllərində böyük mütəfəkkirlərimizin zəhməti, mücadiləsi dayanır. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Bu tarixi hadisənin həyatımızdakı yerini və rolunu heç nə ilə müqayisə etmək olmaz. Məmmədəmin Rəsulzadənin dediyi kimi, cəmi 23 ay ömür sürsə də, istiqlalımız insanlara hürr yaşamağı, azadlığı daddıra bildi. O hürriyyət, o dad ki, onun şirinliyi heç zaman damağımızdan getmədi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib: "107 il öncə çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı çıxaraq müsəlman Şərqində ilk demokratik dövlət quran və onun adını dünya tarixinə qızıl hərflərlə həkk etdirən ziyalılarımız, siyasi xadimlərimiz qısa müddət ərzində çox böyük işlər gördülər. İlk parlament yarandı, hökumət formalaşdı, dövlət atributları təsis olundu. Azərbaycan müstəqil dövlətinin dünyada tanınması üçün diplomatik fəaliyyət gücləndirildi. Xalq hakimiyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verdi, irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı. Dövlət atributları, Azərbaycan vətəndaşlığı təsis olundu. Maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlamasının milli dövlətçilik üçün böyük əhəmiyyəti var idi. Məhz həmin dövrdə Bakı Dövlət Universiteti yaradıldı, gənclər ali təhsil almaq üçün dövlət hesabına müxtəlif ölkələrə göndərildi, Milli Ordu quruldu, Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Təəssüf ki, cümhuriyyətimizin ömrü qısa oldu. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprel ayında bolşeviklər tərəfindən devrilsə də, Azərbaycanı bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silmək mümkün olmadı. Heydər Əliyev çıxışlarının birində deyirdi: "Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamışdır. Bu müddətdə beş dəfə hökumət təşkil olunmuşdur. Yaranmış hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr nəticəsində və şübhəsiz ki, xarici qüvvələrin təsiri altında istefa verməyə məcbur olmuş və beləliklə də bu ağır şəraitdə demokratik respublikanın dövlət, hökumət orqanları lazım olan səviyyədə fəaliyyət göstərə bilməmişdir. Ancaq bununla yanaşı, onlar öz üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirmiş və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yazmışlar"