“Paşinyan sülhə meyilli görünür, amma real iradə göstərmir” – Əli Mustafa – ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən "Dialoq-2025" forumunda bildirib ki, Ermənistan və Azərbaycan arasında yeni müharibə baş verməyəcək və sülh təmin olunacaq. O, sülh sazişi üçün konstitusiya dəyişiklikləri təşəbbüs göstərməyə hazır olduğunu vurğulayıb. Paşinyan həmçinin Azərbaycanın "Qərbi Azərbaycan" anlayışına etiraz edib və ATƏT-in Minsk qrupunun ləğvini dəstəklədiyini bildirib.

Maraqlıdır, Paşinyanın sülh mesajları və konstitusiya dəyişiklikləri ilə bağlı açıqlamaları real iradənin göstəricisidir, yoxsa bu, beynəlxalq ictimaiyyətə yönəlmiş diplomatik gedişdir? 

Mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa bildirib ki, Paşinyan sülh sazişinə zahirən dəstək versə də, ya siyasi və ictimai şəraitin yetərsizliyi, ya da real marağın olmaması prosesin ləngiməsinə səbəb olur:

"Son vaxtlar Nikol Paşinyan həm sülh sazişi ilə bağlı təkliflər verir, həm də Azərbaycanla müharibə olmayacağını bildirir. Amma eyni zamanda, bu sülh sazişinin imzalanması ilə bağlı Azərbaycan tərəfinin tələblərinin reallaşmasına dair konkret addımlar atmır. Sanki bu məsələyə real yanaşmır. Bütün bunlar isə mürəkkəb bir vəziyyətin mövcud olduğunu deməyə əsas verir. Yəni, elə bir ehtimal var ki, Paşinyan zahirən sülhə meyilli görünür, amma əslində nə sülh sazişinə, nə də real anlaşmaya razıdır. Digər bir yanaşmaya görə isə bəzi ekspertlər hesab edirlər ki, Paşinyan həqiqətən də sülh sazişi imzalamaq istəyir, amma Azərbaycanın irəli sürdüyü şərtləri qəbul edəcək ictimai və siyasi şəraiti hələ təmin edə bilmir. Çünki Ermənistan ictimaiyyəti hələ bu məsələlərə hazır deyil və ona zaman lazımdır. Üstəlik, qarşıdan seçkilər gəlir. Paşinyan bu kimi məsələləri seçkilərdən və digər daxili proseslərdən sonra, bəlkə də referendum yolu ilə həll etməyə daha çox üstünlük verir. Bu isə sülh sazişinin imzalanmasını yubadır və prosesi uzadır. Digər tərəfdən, o deyir ki, Azərbaycanla müharibə olmayacaq. Bu fikri yalnız Paşinyan yox, digər erməni siyasi liderləri də səsləndirirlər. Şübhəsiz ki, Ermənistan cəmiyyəti üçün ən vacib məsələ məhz müharibənin olmamasıdır. Çünki ermənilər artıq başa düşürlər ki, yeni bir müharibə halında onları nə gözləyə bilər. Paşinyanın bu cür ritorikası həm də ictimaiyyətlə ayaqlaşmaq, reytinqini qorumaq məqsədi daşıyır. Amma eyni zamanda real vəziyyəti də nəzərə alsaq, bu gün Azərbaycan və Ermənistan arasında müharibə aparmaq üçün nə ciddi zərurət, nə də əsaslı səbəb var. Gerçəklik də bunu göstərir. Hətta açıq və ya qapalı kanallar vasitəsilə müəyyən kommunikasiya da mövcuddur. Bu gün Azərbaycan və Ermənistan arasında müzakirə imkanları var və bəzi məsələlər üzrə anlaşma və yaxınlaşma ehtimalları da mövcuddur".

Siyasi şərhçinin sözlərinə görə, Paşinyan Ermənistanın gələcəyi və öz hakimiyyətinin taleyinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçdiyini anlayır, lakin o, bu prosesi beynəlxalq ictimai rəyə uyğun şəkildə ehtiyatla və zamanlama ilə aparmağa çalışır.

"Paşinyan da anlayır ki, regionda Ermənistan dövlətinin mövcudluğu və öz hakimiyyətinin davam etməsi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Bu baxımdan o, hansı istiqamətə yönələcəksə, hansı qərarları verəcəksə, bu onun həm hakimiyyətini, həm də Ermənistanın gələcəyini müəyyənləşdirəcək. O, Rusiya ilə münasibətlərdə zaman-zaman sərt ritorika sərgiləsə də, yaxşı anlayır ki, Azərbaycanla qarşıdurma, Türkiyə ilə düşmənçilik onun üçün real fəlakətə səbəb ola bilər. Bu səbəbdən də Paşinyan bir qədər beynəlxalq ictimai rəyə hesablanmış mövqe nümayiş etdirir. Təəssüf ki, bu, erməni liderlərinin davranışlarında tez-tez müşahidə olunur. Onlar bəzən əsassız və reallığa uyğun olmayan şəkildə sülhə hazır olduqlarını bəyan edirlər, lakin ardınca Azərbaycana qarşı ritorikanı sərtləşdirirlər. Eyni zamanda onlar da anlayırlar ki, alternativ yoxdur. Gec-tez Azərbaycanla sülh sazişi imzalanmalıdır. Onlar bəzən bu mesajı Azərbaycan tərəfinə ötürürlər: "Biz hazırıq, razıyıq, amma öz şərtlərimiz və uyğun zaman daxilində bunu edəcəyik."

Saida Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31