İran Cənubi Qafqazda balans oyunundadır- ÖZƏL

"İran regionda "tərəfsiz və balanslı siyasət" yeritdiyi görüntüsü yaradır. Tehran son illərdə xüsusilə Zəngəzur dəhlizi məsələsində Azərbaycana qarşı açıq narazılığını ifadə edib. Buna paralel olaraq, İran Ermənistanla da münasibətləri strateji müstəviyə qaldırıb".

Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, Tehran həm Bakıya, həm də İrəvana regional güc hələ mənəm mesajı vermək istəyir:

"İranın "Araz-2025" təlimlərində iştirakı rəsmi Tehranın Bakı ilə münasibətləri balanslaşdırmaq, müəyyən gərginlik fonunda əməkdaşlıq siqnalı vermək istəməsi ilə izah oluna bilər. Tehran Azərbaycanla sərhəddə sabitlik və qarşılıqlı etimadın bərpasında maraqlıdır. Bu, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilər üzərindən keçən nəqliyyat layihələrinin Tehrana yaratdığı iqtisadi fürsətlərə bağlana bilər.
Digər tərəfdən isə Ermənistanla müdafiə sahəsində əlaqələrin dərinləşdirilməsi, faktiki olaraq, Tehranın Qərbə və Türkiyəyə qarşı bir növ "əhatə strategiyasının" tərkib hissəsi kimi oxunmalıdır. İran çalışır ki, Ermənistana münasibətdə açıq dəstək göstərməklə Qərbin və Ankaranın bölgədəki təsirini balanslaşdırsın. Əlavə olaraq qeyd edim ki, İranın Ermənistanla yaxınlaşması, həm də Rusiyanın zəifləyən təsirindən boşalan sahələri doldurmaq cəhdidir. Hazırda İran İrəvanda yeni nüfuz zonaları yaratmaqla regionda "təhlükəsizlik tənzimləyicisi" rolu oynamaq niyyətindədir.
İranın həm "Araz-2025" təlimlərində iştirakı, həm də eyni vaxtda Ermənistanla yüksək səviyyəli hərbi əlaqə qurması, əslində, bir-birinə zidd görünən addımlar olsa da, Tehranın regionda öz maraqlarını qorumağa yönəlmiş çoxvektorlu siyasətinin nümunəsidir. Tehran bu yolla həm Bakıya, həm də İrəvana "regional güc hələ mənəm" mesajı vermək istəyir.
Ancaq bu siyasət uzunmüddətli perspektivdə uğurlu ola bilərmi? Şübhəlidir. Çünki bölgədə Azərbaycanın artan nüfuzu, Türkiyə ilə müttəfiqliyi, eyni zamanda Ermənistanın Qərbə inteqrasiya meyilləri Tehranın "iki stulda oturmaq" siyasətini çətinləşdirəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31