“Laçın beynəlxalq hava limanının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır…”— ÖZƏL
26 May 2025 14:10 SiyasətBaş nazir Əli Əsədov Laçın Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb. Hava limanı beynəlxalq uçuşlar üçün lazım olan standartlara cavab verir. Xarici İşlər Nazirliyi bu barədə beynəlxalq təşkilatlara məlumat verəcək. Sərəncam imzalandığı gündən qüvvəyə minib.
Laçın Hava Limanına beynəlxalq status verilməsi Azərbaycanın regiondakı siyasi mövqeyinə və geosiyasi nüfuzuna necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı olaylar.az-a açıqlamasında bildirib ki,"Laçın Hava Limanı ilə bağlı verilən son qərarlar - yəni havalimanının beynəlxalq statusa sahib olması istiqamətində atılan addımlar - sadəcə Azərbaycanın beynəlxalq imicinə hesablanmış addım kimi qəbul edilməməlidir. Bu, həm də strateji bir qərardır.
Bəs, burada mahiyyət nədən ibarətdir? Biz bilirik ki, Qarabağda artıq elə bir infrastruktur layihələri həyata keçirilir və planlar o istiqamətdə icra olunmaqdadır ki, Qarabağ Azərbaycanın bir regionu kimi həm inkişaf mərkəzinə çevrilsin, həm də oradakı bir sıra bölgələrdəki prioritet sahələr və sənaye komplekslərinin inkişafı ilə dünyanın ən sürətlə inkişaf edən bölgələrindən birinə çevrilsin.Təbii ki, belə bir reallıq fonunda istənilən bölgənin əsas siması olan beynəlxalq daşıyıcılıq qabiliyyətinin formalaşdırılması çox önəmlidir. Bu baxımdan, Laçın Hava Limanına beynəlxalq status verilməsi də məhz bu nöqtədə əhəmiyyətli bir addımdır. Beləliklə, Qarabağ beynəlxalq daşımaların mümkün olduğu bir mərkəz kimi fəaliyyət göstərəcək. Bu da onun dünya ölkələri tərəfindən investisiya qoyulan və gələcək vəd edən regionlardan biri kimi tanınmasına səbəb ola bilər.
Məsələ yalnız iqtisadi müstəvidə bitmir. Azərbaycan tərəfi bu addım vasitəsilə bütün dünyaya Qarabağın onun suveren ərazi bütövlüyü çərçivəsində yerləşən bir bölgə olduğunu göstərməkdədir. 2020-ci il Vətən Müharibəsindən və torpaqlarımızın işğaldan tam azad edilməsindən sonra dünyanın böyük bir hissəsi Qarabağla bağlı reallığı dərk etdi və bu reallıqla razılaşdı.Hətta fikir verirsinizsə, son dövrlər Ermənistana açıq-aşkar dəstək verən bəzi ölkələr belə artıq Qarabağ məsələsində "bura erməni torpağıdır" kimi riyakar açıqlamardan belə uzaq dayanmağa çalışırlar. Bu isə o deməkdir ki, Qarabağın Azərbaycan torpağı olması artıq bütün dünya üçün mütləq bir həqiqət kimi qəbul edilib.Amma indi bu suverenliyi daha da möhkəmləndirmək vacibdir. Dünyaya göstərmək lazımdır ki, Azərbaycan dövləti bu torpaqlarda necə böyük bir quruculuq aparır, regionu necə gözəlləşdirir, oraya həyat, inkişaf gətirir. Bu baxımdan, Laçın beynəlxalq hava limanının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır və Qarabağın dirçəlişində mühüm rol oynaya bilər.Digər tərəfdən, Laçının strateji mövqeyinə də diqqət yetirmək lazımdır. Laçın elə bir nöqtədə yerləşir ki, demək olar, Azərbaycanın Ermənistanla sərhədindəki ən kritik və önəmli bölgələrdən biridir. Laçın Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması isə o demək olacaq ki, artıq ermənilər öz sərhədlərindən bu tərəfə, Laçına doğru, ümumiyyətlə, hər hansı təxribat xarakterli addım ata bilməyəcəklər. Burada beynəlxalq təhlükəsizlik məsələləri ön plana çıxacaq, burada sivil insanların həyatının qorunması məsələləri prioritet olacaq. Yəni Laçın Hava Limanına beynəlxalq status verilməsi həm iqtisadi, həm strateji, həm də siyasi-hərbi baxımdan Qarabağın bir mənalı şəkildə Azərbaycanın ərazi vahidi kimi bütün dünyaya tanıdılması və qəbul edilməsi deməkdir.Bu, həm də Azərbaycanın Qarabağ bölgəsinin inkişafına aparan yolun açılması anlamına gəlir. Ən əsası isə bu yol gələcəkdə Qarabağa yeni investisiyaların qoyulmasına və eyni zamanda Şərqi Zəngəzur və Qərbi Zəngəzur məsələlərindəki əlaqələrin, tranzit yolların açılması məsələsinə də öz təsirini göstərəcək. Bu da gələcək addımların uğura aparan yolunun əsas sütunlarından biri olacaq."
Gülxanım Əliyeva