“İranın nüvə proqramı gərginliyi artırsa da, ABŞ ilə razılaşma ehtimalı qalır” – Əli Mustafa – ÖZƏL

ABŞ ilə dolaylı danışıqların getdiyi bir vaxtda İranın ali dini lideri Əli Xameneinin verdiyi açıqlama vəziyyəti daha da gərginləşdirib. Əli Xamenei bildirib ki, uranı zənginləşdirmək üçün heç kimdən icazə almayacaqlar. ABŞ və İsrailin İranın nüvə proqramına qarşı mümkün hərbi ssenariləri müzakirə etdiyi də bildirilir.

Xameneinin bu bəyanatı ABŞ-İran danışıqlarının gələcəyinə necə təsir edə bilər?

"Burada bir neçə vacib məqam mövcuddur. İlk növbədə qeyd etməliyik ki, İran təkcə ABŞ ilə deyil, eyni zamanda Avropa ölkələri ilə də danışıqlar aparır. Ola bilsin ki, bu danışıqlar zamanı müəyyən məqamlarda tərəflər arasında uzlaşma meyilləri formalaşıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. O qeyd edib ki, İranın dini liderinin cəsarətli açıqlamaları, ABŞ ilə uzlaşma ehtimalı və İsraillə fikir ayrılıqlarından qaynaqlanır:

"Əli Xameneinin bu qədər açıq və arxayın danışmasının səbəblərindən biri də, qarşı tərəfdə müəyyən güzəşt potensialının mövcudluğuna olan inamıdır. Söhbət ondan gedir ki, ABŞ ümumiyyətlə İranın nüvə proqramını tamamilə ləğv etməsini istəyir. İran isə, Əli Xamenei də daxil olmaqla, nüvə proqramının dinc məqsədlərlə davam etdirilməsində israrlıdır. Əgər ABŞ, İranın dinc məqsədlərlə nüvə enerjisindən istifadəsini qəbul edərsə, bu zaman iki tərəf arasında uzlaşma mümkündür. Hazırda məlumata görə, danışıqlarda tərəflər hələlik narahat görünmür. Bu isə onu göstərir ki, yaxın gələcəkdə bu proses müsbət nəticə verə bilər. Amma burada başqa vacib bir məqam da var. Bu da İsrailin mövqeyi ilə bağlıdır. İsrail aparılan danışıqlardan razı deyil. Hətta mətbuatda belə məlumatlar var ki, İsrail İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlaşır. ABŞ isə bu məsələdə İsrailin qarşısını almağa çalışır. Yəni bu iki müttəfiq arasında da fikir ayrılığı mövcuddur. Məhz bu fikir ayrılığı da İranın dini liderinin bir qədər cəsarətli açıqlamalar verməsinə zəmin yaradır".

Siyasi şərhçinin sözlərinə görə, İranın nüvə proqramı regionda gərginliyi artırsa da, ABŞ ilə razılaşma ehtimalı real olaraq qalır.

"Bütün hallarda nəzərə alınmalıdır ki, dinc məqsədlərlə nüvə enerjisindən istifadə hüququ beynəlxalq hüquqda tanınır. Hazırda dünyanın bir çox ölkəsi bu imkanlardan istifadə edir. İranla bağlı şərtlərin sərtləşdirilməsi isə, əsasən onun nüvə silahı hazırlamaq potensialı ilə əlaqələndirilir. Fikrimcə, əgər İran ABŞ-yə real təminatlar versə ki, nüvə silahı hazırlanmayacaq, bu zaman tərəflər arasında razılaşma mümkündür. Hələlik bu bəyanatın tərəflər arasında gərginliyə səbəb olacağı ehtimal olunmur. Bildiyim qədərilə onların açıq diplomatik kanalları mövcuddur və danışıqlar davam edir. Yəni tərəflərin bir nöqtədə uzlaşması ehtimalı kifayət qədər yüksəkdir. Təbii ki, burada İsrailin mövqeyi fərqlidir. İsrail daha sərt və barışmaz yanaşma nümayiş etdirir. Bu ölkə, ümumiyyətlə, İranın bütün nüvə proqramının tamamilə ləğvini tələb edir. Hətta bəzi məlumatlara görə, İsrail bu məqsədlə konkret hərbi planlar hazırlayıb və bu barədə ABŞ kəşfiyyatına da məlumatlar ötürülüb. Bütün hallarda regionda gərginlik mövcuddur. İranın nüvə proqramı bu gərginliyin dərinləşməsinə səbəb ola bilər. Amma qeyd etdiyim kimi, hələlik ABŞ ilə İran arasında münasibətlərin tamamilə pozulduğunu söyləmək düzgün olmaz."

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31