Azərbaycan dövlətinin son təşəbbüsləri və atdığı addımlar tamamilə əsaslı və məqsədyönlüdür- ÖZƏL

"Azərbaycanın keçmiş sovet respublikası olması səbəbindən burada hələ də Rusiya və Moskva ilə müəyyən bağlarını qoparmamış insanlar mövcuddur. Bu, bir reallıqdır."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Eyni zamanda, bəzi insanlar hələ də "bəlkə qaytararlar" düşüncəsi ilə yaşayırlar və zaman-zaman bizim qarşımıza çıxırlar. Biz onlara bu məsələnin artıq geridə qaldığını izah etməyə çalışırıq. Bəzən bu, narazılıqla qarşılanır, inciyənlər olur.  Amma bu düşüncədə olanları da müəyyən qədər anlamaq mümkündür.

Digər tərəfdən, Azərbaycanda, xüsusilə rusdilli təbəqə arasında Moskvaya, Rusiyaya Azərbaycanla müqayisədə daha çox bağlılıq hissi ilə yaşayan insanlar az deyil. Bu insanlar, təəssüf ki, bizim zəif nöqtəmiz - "Axilles dabanımız" - sayılır. Rusiyanın, o cümlədən Federal Təhlükəsizlik Xidməti (FSB) və digər xüsusi xidmət orqanları bu cür insanlardan istifadə etməyə çalışırlar. Təbii ki, onların bir hissəsi media sahəsində, o cümlədən jurnalistlər arasında da ola bilər.

Əgər biz Azərbaycan ictimai rəyinə təsir edən bəzi şəxslərə diqqətlə baxsaq, bu cür elementlərin izlərini görə bilərik. Bəzən görürsən ki, ölkə üçün mühüm və həssas məsələlər, xüsusən Rusiya ilə bağlı ictimaiyyəti narahat edən mövzular müzakirə edilərkən, bir anda müxtəlif tərəflərdən Türkiyə ilə bağlı əsassız və əlaqəsiz ittihamlar səslənir. Bu, təsadüfi deyil və belə şəxslərin arxasında xarici təsirlərin - o cümlədən Rusiya xüsusi xidmətlərinin - dayana biləcəyi ehtimalı var.

Düşünürəm ki, Azərbaycan dövləti bu gün həyata keçirdiyi əməliyyatlarla, əslində, həm də bu cür insanlara açıq şəkildə mesaj verir: bizim gözümüz və qulağımız hər yerdədir. Heç kim düşünməsin ki, Azərbaycanın daxilində oturub Rusiya dövləti üçün rahat şəkildə fəaliyyət göstərə bilər. Bəli, Azərbaycan ərazi baxımından böyük dövlət olmaya bilər, əhalimizin sayı da nisbətən azdır. Lakin dövlətçilik ənənəsi, dövlət-vətəndaş münasibətləri, xalqla dövlətin birliyi baxımından biz, bəzilərinin "böyük" adlandırdığı dövlətlərdən, o cümlədən Rusiyadan daha üstün mövqedəyik.

Bu baxımdan, düşünürəm ki, Azərbaycan dövlətinin son təşəbbüsləri və atdığı addımlar tamamilə əsaslı və məqsədyönlüdür. Biz vətəndaşlar olaraq bu prosesi dəstəkləməli, dövlətimizin yanında dayanmalıyıq. Hər kəs bilməlidir ki, dövlət nə etdiyini və bunu niyə etdiyini çox yaxşı bilir. Bizim borcumuz isə milli maraqlarımız naminə onun arxasında durmaqdır."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31