"Bu, liberalizmin diktaturasıdır" – Tofiq Abbasov Avropa İttifaqının müdaxilələrinə etiraz etdi- ÖZƏL
15:04 SiyasətFransa və Rusiyanın Rumıniyada keçirilən prezident seçkilərinə müdaxilə etdiyi iddiaları, "Telegram" qurucusu Pavel Durovun Fransa kəşfiyyatının konservativ səsləri məhdudlaşdırmaq istəyini rədd etdiyini bildirməsi və tərəflərin qarşılıqlı təkzib və ittihamları ilə beynəlxalq gərginliyə səbəb olub.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib:
"Biz son illər ərzində, xüsusilə də son 10-15, hətta 20 il ərzində Avropa İttifaqının və orada olan aparıcı qüvvələrin suveren ölkələrin daxili işlərinə ciddi və yol verilməz şəkildə qarışmasının şahidiyik. Görürük ki, əsasən də postsovet məkanında yerləşən dövlətlərlə bağlı Rəsmi Paris, London, Berlin və digərləri sanki özlərinin "eksklüziv" rolunu əsas götürərək, ancaq hücum mövqeyindən çıxış edir, bu ölkələrin və xalqların daxili işlərinə qarışmağa çalışır, daim xaos yaratmaq niyyətində olurlar. Bəs bu qüvvələrin əsas istəyi nədən ibarətdir? İlk növbədə, hüquqlar üzərində dayanan qüvvələri tərk-silah etmək istəyirlər. Digər tərəfdən, bir qədər sola meyil göstərənlərin hamısını aradan götürmək və hakimiyyət zirvəsinə gedən yolları yalnız sağçılar, sonra radikallar və mühafizəkarlar üçün açıq buraxmaq istəyirlər.
Postsovet məkanında bunun bariz nümunəsini son dövrlərdə Gürcüstanda gördük. Parlament seçkilərində qərb institutları - USAID və digərləri - bir dalğada hərəkət etdilər. Elə oyunbazlıq etdilər ki, mütərəqqi qüvvələrin vətəndaş mövqeyindən çıxış edən, vətənpərvər insanların səslərini oğurlayıb qərbpərəstlərə versinlər. Bu, yol verilməzdir. Rumıniyada isə, mən deyərdim ki, sözün əsl mənasında absurda çevrilən bir hal yaşandı. Prezident seçkilərinin birinci turunda qalib gəlmiş namizədin qələbəsi demək olar ki, əsassız şəkildə ləğv edildi. Yaxın Şərqdə, fələstinlilər seçkilərə getdikdə əsas mübarizə Fələstin Azadlıq Təşkilatı ilə Həmas arasında gedirdi və Həmas demokratik və şəffaf seçkilərdə qalib gəldi. Amma ilk növbədə Qərb, o cümlədən İsrail, bu qələbəni qəbul etmədi və nəticələri ləğv etdilər. Bununla da Həması barışmaz mübarizəyə sövq etdilər. İndi də biz görürük ki, Avropa İttifaqında yer alan Rumıniya müstəqil dövlətdir. Birincisi, bu ölkədə sosial zəminli xeyli problemlər mövcuddur. Düzdür, xarici siyasət baxımından Buxarest artıq öz yolunu müəyyənləşdirib - onların istiqaməti Avropa İttifaqı, bəzi hallarda isə avroatlantik dəyərlərdir. Amma bu ölkədə çox güclü, nüfuzlu solçu hərəkat da var. Onların yadında olan keçmiş dövr var - o dövrdə bir qrup oliqarxın hökmranlığı yox idi. Əgər kasıblıq var idisə belə, bir yeganə standart mövcud idi və hamı həmin standarta uyğun yaşayırdı. İndi isə Rumıniyada təbəqələşmə gedir və buna görə də cəmiyyətin ən həssas kəsimi solçuların hakimiyyətə gəlməsini istəyir. Lakin həmin prosesdə Qərb kobud şəkildə, heç nəyə baxmadan müdaxilə etdi. Avropa İttifaqı dedi ki, bu seçkilər düzgün olmayıb və birinci turda qalib gəlmiş namizədin iddialarını rədd edərək onu seçki marafonundan çıxardılar. Baxın görün, bu qədər dərəcədə onlar özlərini Allah sayaraq yol verilməz sahələrdə müdaxilə edirlər və artıq öz diktaturalarını yaratmaq istəyirlər. Bu, liberalizmin diktaturasıdır. Pavel Durovun bu məsələdə yanaşması isə, mən deyərdim ki, sağlam və balanslıdır. Fransa müdaxilə edəndə bu, məqbul sayılır. Amma Rusiyanın hər hansı təsiri olanda bu, qəbuledilməz hesab olunur. Belə olmaz. Əgər bir qayda varsa, hamı üçün eyni olmalıdır. Seçkilər elə bir prosesdir ki, ora heç kimin müdaxiləsi olmamalıdır. Hansı ölkədən söhbət gedirsə, fərq etməz. Lakin biz görürük ki, Qərb və onun institutları bu yol verilməz və lazımsız fəallığı ilə Rusiyanı və bəzi digər ölkələri də müəyyən reaksiya göstərməyə sövq edir. Bu da anlaşılandır. Çünki əgər siz qanunçuluqdan, demokratiyadan, liberalizmdən danışırsınızsa, onda özünüz bu dəyərlərə nə qədər riayət etdiyinizi sübut etməlisiniz. Yoxsa başqalarına bu dəyərləri məcbur etməyə çalışmaqla, özünüz həmin normaları tapdalamaqla təhlükəli və lazımsız presedentlər yaradırsınız. Bu isə göstərir ki, sizə yol verilməz hadisələr icazəli görünür, amma başqalarına qətiyyən heç bir müdaxilə və təsir etmək imkanı vermək olmaz. Belə olmaz. Fizikada deyildiyi kimi: hər təsirin əks-təsiri var. Ona görə də hesab edirəm ki, burada əksinə, Fransanın müdaxiləsi həddən artıq kobud, yersiz və təhlükəli tendensiyalara yol açan bir addım idi. Birincisi, buna qırmızı kart göstərmək lazımdır. Onunla barışmaq olmaz və bu cür cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır".
Zeynəb Mustafazadə