Finlandiya Rusiya ilə sərhəddə süni intellektlə müşahidəyə başlayır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Finlandiya Rusiya ilə sərhəddə tikilən hasarda süni intellekt texnologiyalarından istifadə etməyə hazırlaşır. Bu barədə ölkənin Yle telekanalı məlumat yayıb.
Məlumata görə, sərhəd nəzarəti məqsədilə ən müasir süni intellektlə təchiz olunmuş kameralar quraşdırılacaq. Layihənin rəhbəri, podpolkovnik Esa Veikkonen bildirib ki, bu kameralar artıq insanla heyvanı bir-birindən ayırd edə bilir və sistem yalnız insan aşkarlandıqda həyəcan siqnalı verir.
Süni intellektlə yanaşı, müşahidə üçün gündüz və gecə görüntüləmə kameraları, infraqırmızı işıqlandırma və sərhədə yaxınlaşan şəxsləri xəbərdar etmək üçün səsgücləndirici sistemlər də tətbiq olunacaq. Bundan başqa, ilkin layihəyə nəzərən hasarın hündürlüyü bir metr artırılacaq. Bu dəyişiklik sınaq sahəsindəki testlərdən sonra zəruri hesab edilib.
Qeyd edək ki, Finlandiya Daxili İşlər Nazirliyi 2022-ci ilin iyun ayında sərhəddə "hibrid xarakterli təhdidlərə" qarşı mübarizə məqsədilə yeni hasarların tikiləcəyini elan etmişdi. Hazırda planlaşdırılan sərhəd hasarlarının ümumi uzunluğunun 200 kilometrdən artıq olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31