“Nə üçün etik olmalıyam?”- ÖZƏL

"Aztelekom" şirkətinin rəhbər əməkdaşları üçün təlim keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov məlumat verib: " Etik davranışın əsasları ilə bağlı növbəti təlimi "Aztelekom" şirkətinin rəhbər əməkdaşları üçün keçdim. Tlimdə əsas fikir ondan ibarət idi ki, "nə üçün etik olmalıyam?" Bu suala verilən ən sadə cavab belədir: "Etik yaşamaq sənin şəxsi maraqların naminədir". Başqa sözlə desək, etik yaşamaq həmişə faydalıdır. Ancaq etik yaşamağı və işləməyi fayda və ya gəlir gətirdiyi üçün yox, məhz elə vacib olduğu üçün etmək lazımdır. Həyatda yaxşı işləri məhz lazım olduğu üçün etmək lazımdır. Misal üçün kiməsə fiziki xəsarət yetirən şəxs cəza alacağı üçün deyil, bunun doğru olmadığı üçün, etik olmadığı üçün etməməlidir. Və ya çalışdığı qurumda vəzifəsindən sui-istifadə edərək qeyri-qanuni yolla gəlir əldə edən şəxs həbs olunacağı və daha çox zərər görəcəyi üçün yox, bu əməli ümumilikdə doğru olmadığı üçün etməməlidir.

Digər tərəfdən bu məsələyə sırf şəxsi maraq naminə baxsaq, etik yaşamaq və işləmək həqiqətən faydalıdır. Birincisi etik yaşayan insanlar digərlərinə nisbətən həyatda daha az stress keçirirlər. Çünki etik insan yalan danışmır, korrupsiya cinayəti törətmir, başqaların arxasınca qiybət etmir, işçiləri və rəhbərləri haqqında gümanlarını paylaşmır, vətəndaşlara vicdanla və peşəkarlıqla xidmət göstərir. Etik qaydalara əməl edən şəxsin riskləri təbii olaraq bu qaydalara əməl etməyən şəxslərdən dəfələrlə az olur.  
İkincisi insanların etik qaydalara riayət etməsi sosial harmoniya yaradır. İnsanlar ətrafında etibarlı insanlarla yaşamağı və işləməyi sevir və onlara daha çox güvənirlər. Bu da, müəyyən bir xoşbəxtlik səviyyəsi yaradır. Eyni zamanda etik insanlar daha mənalı sosial həyat yaşamağa qadirdilər. Çünki onlar ətrafdakılarla daha düzgün və etibarlı münasibət qura bilirlər. Bununla da ədalətli və dürüst cəmiyyətin formalaşmasına öz töfhələrini verirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31