İspaniya Baş naziri “Avroviziya”da İsrailin iştirakını tənqid etdi: “İkiüzlü standartlara yol vermək olmaz”- ÖZƏL

Olaylar.az xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes İsrailin "Avroviziya-2025" mahnı müsabiqəsində iştirakını tənqid edib. O, Avropanın Rusiya ilə bağlı tətbiq etdiyi yanaşmanı xatırladaraq, İsrailin də beynəlxalq yarışmalardan kənarlaşdırılmalı olduğunu bildirib.
"Xüsusi hərbi əməliyyatdan sonra Rusiya beynəlxalq müsabiqələrdən uzaqlaşdırıldı. Bu baxımdan, İsrailin də belə tədbirlərdə iştirak etməməsi gərəkirdi. Mədəniyyət sahəsində belə ikiüzlü standartlara yol vermək olmaz," - deyə Sançes vurğulayıb.
Qeyd edək ki, "Avroviziya-2025" müsabiqəsinin qalibi Avstriyanı təmsil edən ifaçı Yohannes Piç (JJ) olub.
Xatırladaq ki, Rusiya 2022-ci ildən Avropa Yayım İttifaqının qərarı ilə "Avroviziya"dan kənarlaşdırılıb. Bunun əvəzinə, bu il Rusiya 1965-1977-ci illərdə keçirilmiş "Avroviziya"ya alternativ "İnterviziya" musiqi müsabiqəsini yenidən canlandıracaq. Prezidentin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun sözlərinə görə, müsabiqədə 25 ölkənin iştirakı planlaşdırılır, ABŞ və Avropa ölkələrinin musiqiçiləri ilə danışıqlar aparılır. Yarış 20 sentyabrda Moskvadakı "Live Arena"da keçiriləcək.
İspaniya Avropa İttifaqında Yaxın Şərq münaqişəsi fonunda İsrailə qarşı sərt mövqe tutan ölkələrdən biridir. Mayın 17-də Baş nazir Sançes bildirib ki, Madrid BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə İsrailin Qəzza zolağına humanitar yardımın çatdırılması ilə bağlı öhdəliklərini yerinə yetirib-yetirmədiyinə dair rəy bildirməyi təklif edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31