“Ermənistan bu addımı atmaqla sülhə doğrudan da könül verdiyini göstərə bilər…”— ÖZƏL
21 May 2025 11:28 SiyasətPrezident İlham Əliyev bildirib ki, Ermənistanla sülh prosesinə təşəbbüs göstərən və sülh müqaviləsinin mətnini hazırlayan tərəf Azərbaycan olub. Hazırda həmin mətn, bəzi düzəlişlərlə, Ermənistan tərəfindən qəbul edilib. Prezident sülh müqaviləsinin imzalanması üçün iki əsas şərt irəli sürüb:
1. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının aradan qaldırılması.
2. ATƏT-in Minsk qrupunun de-yure ləğvi.
Əliyev qeyd edib ki, Ermənistan hələ bu şərtləri qəbul etməyib, amma proseslərin gedişatı bu istiqamətdə dəyişə bilər.
Azərbaycanın irəli sürdüyü bu iki şərtin reallaşması sülh müqaviləsinin imzalanmasına hansı perspektivdə təsir edə bilər və beynəlxalq aləmin bu məsələdə rolu nə ola bilər?
Mövzu ilə bağlı politoloq Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev Macarıstana səfəri çərçivəsində bunu ayrıca qeyd etdi və mən düşünürəm ki, Ermənistan tərəfi bundan öz payını götürməlidir: "Yəni, Azərbaycan tezliklə sülh müqaviləsinin bağlanmasını arzu edir, bunun üçün çalışır. Ermənistan isə prosesi uzatmaqda maraqlı görünür.
Təəssüflər olsun ki, Ermənistanın bu cür maraqlı görünməsi ümumilikdə prosesi əngəlləyir. Konstitusiya ilə bağlı məsələ başa düşüləndir, təbiidir ki, ona vaxt lazım olacaq və s. Amma tutaq ki, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı burada heç bir problem yoxdur. Əslində, Ermənistan razılıq versə, artıq müvafiq prosedurlara başlanılar və tezliklə də ATƏTin Minsk Qrupu ləğv edilər.Zatən o qrup ölüdür, heç bir işə yaramır, heç bir səlahiyyəti yoxdur, heç nəyə təsir edə bilmir. Sadəcə olaraq, ləğv etmək lazımdır. Bunu Ermənistan niyə etmək istəmir? Niyə bu məsələdə dirəniş göstərir? Tutaq ki, Konstitusiya ilə bağlı deyirlər ki, referendum keçirilməlidir, bu uzun prosesdir və s. - olsun. Amma ATƏTin Minsk Qrupu ilə bağlı proses elə uzun deyil, elə çətin də deyil. Bunun üçün sadəcə razılıq vermək və prosedura başlamaq lazımdır.Bax, Ermənistan bu addımı atmaqla sülhə doğrudan da könül verdiyini göstərə bilər, amma etmir. Etmirsə, deməli, sülh prosesində maraqlı deyil. Ona görə də Prezident İlham Əliyev nəzakətli bir şəkildə, yumşaq diplomatiya dilində Ermənistana xəbərdarlıq etmiş olur. Qalır Ermənistanın bunu düzgün qiymətləndirməsi.Əgər yaxın tarixə, son bir neçə ilin hadisələrinə baxsaq, Azərbaycanın bu yumşaq diplomatiya dili Ermənistan tərəfində yetərincə anlaşılmadığına, düzgün dəyərləndirilmədiyinə görə onların başına gözləmədikləri əlavə hadisələr gəldi. İndi o hadisələrdən nəticə çıxarıb İlham Əliyevin bu xoşməramlı çağırışını tezliklə nəzərə almaları onların xeyrinə olacaq.
Ümumiyyətlə, biz - yəni Azərbaycan tərəfi - onun marağındayıq ki, tezliklə bölgədə sülh müqaviləsi bağlansın və Azərbaycanla Ermənistan arasında, həmçinin Ermənistanla qardaş Türkiyə arasında normal münasibətlər bərqərar olsun. Bundan qazanan tərəf, bizə görə, hamıdan çox Ermənistan olacaq. Amma adamlar bunu anlamırlar - yaxud da anlayırlar, sadəcə iplərinin ucu öz əllərində olmadığına görə hərəkət edə bilmirlər. Yəni bir tərəfdə Fransa, bir tərəfdə Rusiya, bir tərəfdə İran - bunlar onların hərəkət etməsinə imkan vermir."
Gülxanım Əliyeva