TÜRKİYƏ ARALIQ DƏNİZİNDƏ YENİ GEOSİYASİ MƏRHƏLƏYƏ QƏDƏM QOYUR – Cavid İsmayıl yazır

Cavid İsmayıl

Türkiyə-Liviya dəniz sazişi, beynəlxalq hüquq və geoiqtisadi üstünlük uğrunda mübarizə
Geosiyasi təhlil - Cavid Əjdəroğlu İsmayıl
Şərqi Aralıq dənizində Türkiyənin mövqeyini gücləndirən mühüm hadisə baş verib. Belə ki, 2026-cı il oktyabrın 20-də Liviyanın Nümayəndələr Palatası Türkiyə ilə 2019-cu ildə imzalanmış və həmin il BMT-də qeydiyyata alınmış dəniz yurisdiksiyası haqqında memorandumu təsdiqləyib. Parlament 2020-ci ildə sənədə qarşı qəbul etdiyi qərarı və Türkiyə ilə siyasi əlaqələrin kəsilməsinə dair qərarı da ləğv edib.
Bu tarixi hadisəyə münasibət bildirən Türkiyə Xarici İşlər Nazirliyi parlamentin qərarını müsbət qarşılayıb və memorandumu iki ölkənin qarşılıqlı hüquq və maraqlarını qoruyan razılaşma kimi qiymətləndirib. Eyni zamanda bu qərar, Türkiyə-Liviya əməkdaşlığının siyasi dayaqlarını möhkəmləndirir, Ankaranın Aralıq dənizindəki mövqeyini gücləndirmək üçün yeni imkanlar açır.
İndi qısa olaraq məsələnin mahiyyətinə nəzər salaq. Söhbət yalnız dəniz sərhədlərindən getmir. Türkiyə öz dəniz hüquqlarını müdafiə edir, Liviya ilə əlaqələrini genişləndirir, coğrafi mövqeyini geosiyasi təsirə, enerji və nəqliyyat imkanlarını isə geoiqtisadi üstünlüyə çevirməyə çalışır.
Türkiyənin mövqeyinin əsasını Şərqi Aralıq dənizinin coğrafi reallıqları və ədalətli delimitasiya prinsipi təşkil edir. Regionda uzun materik sahil xəttinə malik olan Türkiyə haqlı olaraq hesab edir ki, onun dənizə çıxış imkanları yaxın adaların yerləşməsi səbəbindən qeyri-mütənasib şəkildə məhdudlaşdırılmamalıdır.
Ankara xüsusilə Grit, Rodos və Türkiyə sahillərinə çox yaxın yerləşən Meis adasının dəniz sərhədlərinin müəyyənləşdirilməsindəki roluna etiraz edir. Türkiyənin mövqeyi ədalətlidir və aydındır. Adaların mövcudluğu Türkiyənin geniş materik sahil xəttinin yaratdığı dəniz hüquqlarını kölgədə qoymamalıdır. Bir ada yerləşdiyi yerə görə Türkiyənin dənizə açılan yolunu qeyri-mütənasib şəkildə məhdudlaşdıra bilməz. Dəniz sərhədləri müəyyənləşdirilərkən sahillərin uzunluğu, coğrafi mövqeyi və istiqaməti nəzərə alınmalı, ədalətli bölgü prinsipi əsas götürülməlidir.
Türkiyə Xarici İşlər Nazirliyinin 2019-cu il dekabrın 1-də yaydığı bəyanatda da bu mövqe açıq şəkildə ifadə olunub. Ankara vurğulayıb ki, adalar Türkiyənin dənizə doğru təbii coğrafi uzanmasını kəsməməlidir. Türkiyənin bu haqlı tələbi başqasının hüquqlarını əlindən almaq deyil, öz dəniz hüquqlarının adaların yerləşməsinə görə qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına yol verməməkdir. Məhz buna görə Ankara dəniz sərhədlərinin müəyyənləşdirilməsində coğrafi reallıqların və ədalətli nəticənin əsas götürülməsini müdafiə edir.
Türkiyə-Liviya memorandumu ətrafında baş verənlər Şərqi Aralıq dənizindəki geosiyasi mübarizənin əsl mahiyyətini açır. Ümumilikdə, dünya geosiyasi arenasında Türkiyənin artan rolundan və genişlənən təsir imkanlarından narahat olan qüvvələrin mövqeyi diqqət çəkir. Bu baxımdan, xüsusilə Yunanıstanın mövqeyi ön plana çıxır. Afina Türkiyənin regiondakı mövqeyini və dəniz hüquqlarını gücləndirən addımlarına qarşı çıxır, çünki Ankara ilə dəniz sərhədləri məsələsində maraqları toqquşur. Kipr Respublikasının və Avropa İttifaqının memoranduma qarşı mövqeyi də bu mübahisənin daha geniş geosiyasi rəqabətin tərkib hissəsi olduğunu göstərir.
Türkiyə isə tələsik addımlar əvəzinə, səbirli diplomatiya, uzaqgörən hesablamalar və ardıcıl strateji gedişlərlə öz milli maraqlarını müdafiə etmək üçün mühüm siyasi zəmin yaradıb. Ankaranın bu düşünülmüş diplomatik gedişini qəbul etmək istəməyən qüvvələrin etirazları nə qədər sərtləşsə də, Türkiyənin öz milli maraqlarını müdafiə etmək əzmi sarsılmazdır və bu qətiyyət getdikcə daha aydın ifadə olunur.
Bu geosiyasi rəqabətin digər mühüm istiqaməti Yunanıstan, Kipr Respublikası və İsrail arasında genişlənən əməkdaşlıqdır. Bu üç dövlət 2025-ci il dekabrın 22-də keçirilən sammitdə təhlükəsizlik, müdafiə, enerji layihələri və elektrik bağlantıları sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər. Bu əməkdaşlıq Şərqi Aralıq dənizində Türkiyənin maraqlarına birbaşa təsir göstərən yeni siyasi və strateji xəttin formalaşmasına xidmət edir. Belə bir şəraitdə Ankara öz mövqeyini yalnız diplomatik bəyanatlarla deyil, konkret iqtisadi layihələr, regional tərəfdaşlıqlar və ardıcıl strateji addımlarla möhkəmləndirir. Türkiyə üçün əsas məsələ regionda baş verən prosesləri kənardan izləmək deyil, öz milli maraqlarını qoruyaraq Aralıq dənizinin gələcəyinə təsir göstərməkdir.
Türkiyənin coğrafi mövqeyini geoiqtisadi üstünlüyə çevirməsinin üç əsas istiqaməti var. Bunlar enerji, nəqliyyat və təhlükəsizlikdir. Şərqi Aralıq dənizi zəngin enerji potensialı və beynəlxalq enerji marşrutları baxımından strateji əhəmiyyət daşıyır. Türkiyə-Liviya memorandumu Ankaraya bu imkanlardan yararlanmaq, gələcək enerji kəşfiyyatını və iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün mühüm siyasi-hüquqi zəmin yaradır.
Təbii ki, memoranduma siyasi dəstəyin verilməsi öz-özlüyündə yeni qaz yataqlarının aşkarlanması və hasilatın başlanması demək deyil. Bunun üçün sərmayə, texniki infrastruktur və hüquqi məsələlərin həlli vacibdir. Lakin strateji üstünlük də məhz bu gün atılan addımlarla formalaşır. Türkiyə indidən hüquqi və siyasi mövqeyini möhkəmləndirməklə gələcək enerji layihələri üçün imkanlarını genişləndirir. Memorandumun əsl geoiqtisadi dəyəri bu imkanların konkret layihələrə və real nəticələrə çevrilməsi ilə üzə çıxacaq.
Enerji ilə yanaşı, nəqliyyat və ticarət əlaqələri də Türkiyə-Liviya əməkdaşlığının mühüm istiqamətlərindəndir. Liviya ilə əlaqələrin genişlənməsi Aralıq dənizində limanlar, dəniz daşımaları və regional iqtisadi layihələr üzrə yeni əməkdaşlıq imkanları yaradır. Bu əlaqələr iqtisadi maraqlarla məhdudlaşmır. Diplomatik və təhlükəsizlik əməkdaşlığının dərinləşməsi Türkiyənin Liviyanın həm qərbində, həm də şərqində siyasi əlaqələrini genişləndirməsinə və regional mövqeyini möhkəmləndirməsinə xidmət edir.
Memorandumun uzunmüddətli əhəmiyyəti siyasi imkanların konkret nəticələrə çevrilməsindən asılıdır. Dəniz infrastrukturu, ticarət və təhlükəsizlik sahələrində həyata keçiriləcək layihələr razılaşmanın geoiqtisadi dəyərini müəyyən edəcək. Hüquqi mübahisələrin davam etməsi isə Türkiyədən ardıcıl diplomatik fəaliyyət və strateji səbir tələb edir. Ankara üçün əsas məsələ öz dəniz hüquqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, Liviya ilə əməkdaşlığını real iqtisadi və strateji nəticələrlə möhkəmləndirməkdir.
Bir sözlə, Aralıq dənizi Türkiyə üçün sadəcə haqlı olaraq dəniz sərhədləri uğrunda mübarizə apardığı məkan deyil. Bura milli maraqların, enerji təhlükəsizliyinin, ticarət yollarının və regional geosiyasi təsirin kəsişdiyi strateji məkandır. Türkiyənin məqsədi dəniz hüquqlarını qətiyyətlə müdafiə etmək, Liviya ilə əməkdaşlığını genişləndirmək və diplomatik uğurlarını konkret iqtisadi nəticələrə çevirməklə regiondakı təsirini gücləndirməkdir.
Uğurlar, Türkiyə!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31