Dövlət başçılarının bəyanatlarında bir sıra vacib məsələlər əksini tapıb- ÖZƏL
21 May 2025 10:29 Siyasət"Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata bəyanatlarında bir sıra vacib məsələlər əksini tapıb. Bəyanatlar dövlətlər arasında münasibətlərdə şəxsiyyət amilinin nə qədər vacib olduğunu göstərir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: " Baş nazir Viktor Orban dövlət başçımızı köhnə dost adlandıraraq dostun dar gündə tanındığını, çətin zamanlarında Macarıstanın yanında olduğunu dedi: "Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub.
Avropa iqtisadiyyatı olduqca mürəkkəb vəziyyətdədir. Çünki sanksiyalar bazar iqtisadiyyatını və Avropanın inkişafının təməlini sarsıtmışdır. Bazar iqtisadiyyatı, əlbəttə ki, Avropa iqtisadiyyatının təməl prinsipləri idi və bunlar artıq sarsılmış vəziyyətdədir. Deyə bilərəm ki, bu gün Avropa iqtisadiyyatının gəmisi kompas olmadan səyahət edir. Onu da qeyd etmək istəyirəm ki, biz mütəmadi olaraq enerji böhranı şəraitində yaşayırıq. Biz Amerikadan fərqli olaraq, Avropada qaza 3-4 dəfə daha çox pul ödəyirik və bu şəraitdə rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq çətindir. Etibarlı tərəfdaşın dəyəri məhz bu cür ölçülür. Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı. Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcəkdir. Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir. Macarıstanın MVM və digər şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artıra bilər. Mən şadam ki, müəyyən həcmdə qaz ehtiyatları və neft barelləri bizim ixtiyarımızdadır. Ola bilər bu, Azərbaycan üçün çox böyük həcm deyil. Ancaq bizim üçün bu, çox vacib bir məsələdir ki, Azərbaycanın neft yataqlarında payçıyıq. Bu, təkcə iqtisadi baxımdan deyil, sırf mənəvi baxımdan da vacibdir. Bu dostluq sayəsində biz özümüzü daha az mürəkkəb vəziyyətdə, həssas vəziyyətdə hiss edirik."
Bu sözlər eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artdığını, eyni zamanda Türk Dövlətləri Təşkilatının daha da möhkəmləndirilməsini zəruri edir".