“Zəngəzur dəhlizi həmçinin Cənubi Qafqazda 30 illik siyasi və iqtisadi durğunluğa son qoya bilər. “— ÖZƏL

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Zəngəzur dəhlizi layihəsini yaxın 3-4 ildə həyata keçirmək planlaşdırılır. Layihə Türkiyəni türk dünyası ilə birləşdirəcək. Hazırda həm Azərbaycan, həm də Türkiyə tərəfindən işlər davam etdirilir.
Maraqlıdır, Zəngəzur dəhlizi layihəsinin reallaşması regionda geosiyasi balanslara necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib ki, əində, Zəngəzur dəhlizinin işə düşməsinin geosiyasi balanslara necə təsir edəcəyi sualına bir növ istəmədən Abdulkadir Uraloğlu öz cavabını verib: "Daha dəqiq desək, o, bu məsələ ilə bağlı mühüm nüanslardan birinə toxunub. Gəlin, məhz buradan başlayaq.
Zəngəzur dəhlizi işə düşərsə, bu zaman Türkiyə həm de-fakto, həm də de-yure olaraq Azərbaycanla və Azərbaycan vasitəsilə Türküstanla birləşəcək. Beləliklə, müstəqil olan bütün türk dövlətləri arasında - xüsusən də Azərbaycan və Türküstanın müstəqilliklərinin bərpasından sonra - ilk dəfə birbaşa təmas, tam formalı və bütöv şəkildə qurulmuş olacaq.
Bunun müsbət tərəfləri nədən ibarətdir? Türk Dövlətləri Təşkilatı çərçivəsində, istər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlər kontekstində, artıq digər - türk olmayan - xarici dövlətlərdən asılı olmayaraq birbaşa əlaqələr qurmaq mümkün olacaq.
Bu nəyə səbəb olacaq? Xarici asılılıq azalacaq, türk dövlətləri arasındakı əlaqələr yalnız de-yure deyil, de-fakto da yaxınlaşacaq və bu istiqamətdə əlaqələr inkişaf etdiriləcək. Çünki hər nə qədər isti münasibətlər qurmaq, ortaq addımlar atmaq, ortaq ticarət, iqtisadiyyat, siyasət və diplomatiya formalaşdırmaq planlaşdırılsa da, xarici dövlətlərdən asılılıq və bu asılılıqdan doğan pərakəndəlik bu planların həyata keçirilməsinə müəyyən dərəcədə əngəl törədirdi. Yəni biz ticarət etmək istəyirdik, lakin ya Rusiya, ya da İran ərazisindən keçid almağa məcbur idik.Biz mədəni əlaqələr qurmaq istəyirdik, amma gediş-gəliş üçün birbaşa nəqliyyat yolları yox idi və bu səbəbdən Rusiya və İran ərazilərinə ehtiyac yaranırdı. Bu da öz növbəsində xarici asılılıq amilini ön plana çıxarırdı.Zəngəzur dəhlizi açılarsa, türk dünyası arasında əlaqələr digər dövlətlərdən - xüsusilə də türk dünyasının güclənməsini istəməyən ölkələrdən olan asılılığı birmənalı şəkildə azaldacaq. Mənə elə gəlir ki, bundan daha böyük bir irəliləyiş ola bilməz.Eyni zamanda, Zəngəzur dəhlizinin açılması, Çinin "Bir Kəmər - Bir Yol" layihəsinin ən önəmli halqasına çevrilə biləcək potensiala malik olan Orta Dəhlizin inkişafına mühüm təkan verə bilər. Əgər Zəngəzur dəhlizi açılmazsa, bu layihənin əsas hissələri Rusiya üzərindən inkişaf etdirilməli olacaq ki, bu da Avropa ilə Rusiya arasındakı münasibətlərin soyuqluğu səbəbindən bu gün mümkün deyil və yaxın 10-15, hətta 20 il ərzində belə bir əlaqənin qurulması çətin görünür.Əgər bu baş verməsə, layihə quru sərhədlərlə İran üzərindən inkişaf etdirilə bilər. Bu halda biz belə bir mühüm beynəlxalq layihəni, potensialı İrana təslim etmiş olarıq və bu da həm Azərbaycan, həm də Türkiyə üçün mənfi nəticələr doğura bilər.Əgər Zəngəzur dəhlizi işə düşərsə, bütün türk yurtları və bütövlükdə Türk Dünyası bu beynəlxalq layihənin önəmli halqasına çevriləcək. Nəyə görə? Çünki bu dəhliz açılarsa, Çin tərəfi həm Rusiya, həm də İranla yaşanan problemlər - xüsusilə Qərb sanksiyaları fonunda - səbəbindən diqqətini daha çox Avropa ilə yaxşı münasibətləri olan Azərbaycan-Türkiyə ittifaqına yönəldəcək. Bu isə bizə əlavə iqtisadi və siyasi təsir alətləri qazandıracaq.Bu proses bununla da bitmir. Zəngəzur dəhlizi həmçinin Cənubi Qafqazda 30 illik siyasi və iqtisadi durğunluğa son qoya bilər. Bilirik ki, Cənubi Qafqazda xarici işğalların əsas səbəblərindən biri regiondakı etnik münaqişələrin qızışdırılması olub.Əgər vaxtilə ermənilər xaincəsinə davranmasaydılar, Rusiyanın Qafqazı istila etmək imkanları nə qədər real ola bilərdi? Və ya bu gün ermənilər "dənizdən dənizə Ermənistan" kimi utopik, faşist ideyalar arxasınca qaçmasaydılar, Qarabağ məsələsini yaratmasaydılar, terror və işğalçılıqla məşğul olmasaydılar, Rusiyanın Cənubi Qafqaza təsir imkanları nə qədər güclü ola bilərdi? İran da Ermənistan kartından istifadə edərək regionda nə dərəcədə təsir sahibi ola bilərdi?Ən əsası, əgər bu hadisələr baş verməsəydi, Cənubi Qafqaz bu gün Avropa və Çinlə daha müstəqil əlaqələr qura bilərdi. Nəticədə, həm sosial rifahını yaxşılaşdırar, həm siyasi müstəqilliyini gücləndirər, həm də Rusiya və İrana olan asılılığını xeyli azalda bilərdi.
Ona görə də Zəngəzur dəhlizinin açılması bir növ Ermənistanla olan ziddiyyətlərin bitməsi anlamına gələcək. Bu isə Cənubi Qafqaza sülh gətirəcək ən mühüm addımlardan biri olacaq. Region inkişaf edəcək, bütün Türk Dünyası üçün yeni perspektivlər və imkanlar yaranacaq. Türk Dünyası güc mərkəzinə çevrilmək yolunda ən önəmli hədəflərdən birini reallaşdıracaq. Eyni zamanda bölgədəki imperialist dövlətlərin təsir rıçaqları zəifləyəcək, onların hegemonluq maraqları ciddi şəkildə zərbə alacaq.Zəngəzur dəhlizi ilk baxışda cəmi 10-15-20-30 kilometrlik bir yol kimi görünə bilər - məsafə onun çəkiləcəyi marşrutdan asılıdır - lakin bu layihənin reallaşdırılması yalnız yol çəkilişi ilə yekunlaşmayacaq. Onun dünyəvi, regional və qlobal ticarətə təsiri olacaq.Ona görə də artıq bu layihənin reallaşdırılması üçün faktiki addımlar atmağın vaxtı çatıb. Gözləmək olmaz. Bu yol, bu koridor - Zəngəzur dəhlizi - mütləq işə düşməlidir. Bunun üçün kifayət qədər gözlənilib. Bundan sonra isə nə səbir qalmalıdır, nə də həvəs. Artıq inkişaf üçün konkret addımlar atmağın vaxtıdır."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31